Rusiyalı iş adamı, “Vaqner” özəl hərbi birləşməsinin rəhbəri, 2023-cü ilin iyununda hərbi qiyam cəhdi ilə gündəmə gəlmiş Yevgeni Priqojin həlak olub.
Hadisə avqustun 23-də baş verib. Rusiya mənbələrinin yaydığı məlumata görə, axşamçağı paytaxt Moskvadan Sankt-Peterburq şəhərinə uçan, içində 10 nəfər (7 sərnişin və 3 heyət üzvü) olan şəxsi təyyarə paytaxtın şimalında – Tver vilayətinin Kujenkino kəndi yaxınlığında qəzaya uğrayıb. Qəzadan heç kim sağ çıxmayıb. Sərnişinlərdən birinin Yevgeni Priqojin olduğu rəsmən təsdiqlənib.
Novator.az bildirir ki, Yevgeni Priqojin 1961-ci il iyunun 1-də indiki Sankt-Peterburq şəhərində doğulub. 1979-cu ildə oğurluq ittihamı ilə 2 il azadlıqdan şərti məhrum olunub, 1981-ci ildə oğurluq, soyğunçuluq, dələduzluq, yeniyetməni cinayətə cəlb etmək ittihamları ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. 1988-ci ildə cəzası azaldılıb. 1990-cı ildə azadlığa çıxan Yevgeni Priqojin xırda biznesə girişib, sonradan böyük mağazalar və restoranlar şəbəkəsi qurub, həmçinin inşaat sahəsində fəaliyyət göstərib.
1990-cı illərin əvvəllərində Sankt-Peterburq hökuməti sədrinin birinci müavini olan Vladimir Putinlə yaxınlığı başlayıb, sonra bu yaxınlıq dostluğa, müttəfiqliyə çevrilib.
Rusiya-Ukrayna müharibəsində prezident Vladimir Putinin arxalandığı əsas qüvvələrdən biri Priqojinin rəhbərlik etdiyi “Vaqner” özəl hərbi birləşməsi olub. Bu birləşmə ilk dəfə 2014-cü ildə Rusiya Krımı ilhaq edərkən meydana çıxıb, Ukrayna ilə yanaşı Asiya və Afrika ölkələrində də müxtəlif hərbi-siyasi layihələrə cəlb olunaraq çoxsaylı cinayətlər törədib.
2022-ci ilin sonlarında Priqojinlə Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi arasında münasibətlərin pisləşdiyi açıq müşahidə edilməyə başlanıb. 2023-cü il iyunun 24-nə keçən gecə isə Priqojin Rusiya Müdafiə Nazirliyini “Vaqner”in düşərgəsini raket atəşinə tutmaqda ittiham edərək döyüşçülərini qiyama qaldırıb. “Vaqner”çilər Rusiyanın Rostov və Voronej vilayətlərində bir çox məntəqəni nəzarətə götürüb paytaxt Moskvaya yön alıblar. Rusiya Baş Prokurorluğu Priqojinə hərbi qiyam təşkili ittihamı ilə cinayət işi açıldığını bəyan edib. Prezident Vladimir Putin televiziya ilə xalqa müraciətində “Vaqner”in üsyanını dövlətə xəyanət adlandırıb və sərt tədbirlər görüləcəyini deyib. Axşam Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə aparılan danışıqlarda Priqojinə və döyüşçülərinə verilən təhlükəsizlik vədi nəticəsində “Vaqner” geri çəkilib, cinayət işi ləğv olunub.
İyunun 29-da Vladimir Putin Priqojini və “Vaqner”in bir çox komandirini Kremldə qəbul edərək müzakirələr aparıb.
Mənbə: NBCNews.com
Rusiyada hərbi qiyam?
“Vaqner” geri çəkilir
Rusiya zülməti
Putin xəyanətkarları bağışlamır – CNN
“Vaşinqton Post”: Putin uçurumun dibinə baxırdı
Rusiyada Priqojin sorğuları – “Nyu-York Tayms”
Priqojinin ikinci ordusu – “Doyçe Velle”
Rusiyadakı qiyamdan yeni bilgilər – “Vaşinqton Post”