Çinin soyqırımına məruz qoyduğu müsəlman uyğurların məşhur müdafiəçisi, baş ofisi ABŞ-da yerləşən Uyğur Araşdırmaları Mərkəzinin icraçı direktoru Əbdülhəkim İdris atasının öldüyünü… yeddi ay sonra bilib. Novator.az-ın məlumatına görə, ABŞ-dakı uyğur diasporu icraçı direktora başsağlığı verməklə yanaşı Çinin qəddar kommunist rejimini qınayıb. Bəyanatda qeyd olunur ki, uyğurlar vətəndə – Şərqi Türküstanda yaşayan doğmaları haqda məlumat almaqda çətinlik çəkirlər. 20 ildən çox atası ilə görüşdən məhrum olmuş Əbdülhəkimin onunla son dəfə yalnız 2017-ci ilin aprelində telefonla danışdığı, sonrakı altı ildən çox müddətdə atasının yeri, səhhəti barədə heç nə öyrənə bilmədiyi vurğulanır.
55 yaşlı Əbdülhəkimin atası Zikrulla İdris 81 yaşında dünyasını dəyişib. Hadisədən yeddi ay sonra xəbər tutan Əbdülhəkim atasının dəqiq hansı gün vəfat etdiyini, nədən öldüyünü hələ də bilmir. Əbdülhəkim bəyan edib ki, bir övlad kimi son nəfəsində atasının yanında ola bilməməsi ona əzab verir: “Atam imanlı, zəhmətkeş, vəfalı insan idi. Xalqımızın hüquqları uğrunda mübarizə yoluna onun verdiyi tərbiyə sayəsində çıxmışam. Uyğur xalqı azadlığa və ədalətə qovuşmaq üçün çox qurbanlar verib. Atamı da həmin qurbanlardan biri sayıram. O, vətənində soyqırımının davam etdiyi bir dövrdə dünyadan köçüb. Yeri behişt olsun! Allah bir gün mənə atama qovuşmağı qismət eləsin!”
Əbdülhəkim İdris doğmalarının ölümündən gec (aylar, hətta illər sonra) xəbər tutan ilk mühacir deyil. Bu acı gerçəklik kommunist rejimin uyğurlara qarşı davam etdirdiyi soyqırımı siyasətinin sübutu kimi qiymətləndirilir.
1949-cu ildə qurulan Çin Xalq Respublikasının idarəçiliyinə Kommunist Partiyası məsuldur. Ölkədə uyğurlara qarşı soyqırımı Si Cinpin hakimiyyətə gələndən tüğyan etməyə başlayıb. Si Cinpin 2012, 2017 və 2022-ci illərdə partiya lideri, 2013, 2018 və 2023-cü illərdə Çin Xalq Respublikasının sədri (dövlət başçısı) seçilib.
Uyğurlar əsasən Çinin şimal-qərbində yerləşən, rəsmən Sincan Uyğur Muxtar Rayonu adlandırılan, tarixi adı Şərqi Türküstan olan bölgədə yaşayırlar. Uyğur Muxtar Rayonu guya etnik özünüidarəetmə rayonudur, əslində isə bu, tamamilə formal muxtariyyətdir, 11 milyon müsəlman uyğurun yaşadığı rayonu idarə edənlərin böyük əksəriyyəti çinlidir.
Beynəlxalq qurumların hesabatlarına əsasən, Çində milyonlarla uyğur məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qalır, hökumət uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə də maneələr törədir.
Bir çox ölkədə, o cümlədən ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Niderland və Belçikada uyğurlara qarşı cinayətlər soyqırımı və ya soyqırımına cəhd kimi tanınır.
Çindən qaçan uyğurların sayı milyonlarla ölçülür. Mühacir uyğurlar əsasən Mərkəzi Asiya dövlətlərində, Türkiyə və Səudiyyə Ərəbistanında məskunlaşıblar. Avstraliya, Pakistan, Rusiya, İsveçrə, Almaniya, Niderland, Belçika, Böyük Britaniya və Kanadada da xeyli uyğur sığınacaq tapıb. ABŞ-a təxminən 15 min nəfərə yaxın uyğur sığınıb.
Mənbə: Campaignforuyghurs.org