Azərbaycan Açıq Hökumət Tərəfdaşlığı beynəlxalq platformasından tam kənarlaşdırılıb. Xəbəri avqustun 17-də vətəndaş cəmiyyəti eksperti Samir Əliyev yayıb.
Novator.az bildirir ki, 2011-ci ildə BMT Baş Məclisində elan olunan Açıq Hökumət Tərəfdaşlığı hökumətin vətəndaşlar qarşısında şəffaflığın təşviqi, vətəndaşlara daha böyük səlahiyyətlərin verilməsi, korrupsiya ilə mübarizə və idarəetmənin gücləndirilməsi üçün yeni texnologiyaların tətbiqi istiqamətində öhdəliklər götürdüyü könüllü beynəlxalq təşəbbüsdür.
Platformanın diqqət yetirdiyi əsas sahələrdən biri vətəndaş cəmiyyətinin fəaliyyətidir. Azərbaycan Açıq Hökumət Tərəfdaşlığına 2011-ci ildə qoşulub. 2014-cü ildən Azərbaycanda qeyri-hökumət təşkilatlarının, ümumilikdə vətəndaş cəmiyyəti təsisatların fəaliyyətinə maneələr çoxalmış, 2016-cı ildə beynəlxalq platformada Azərbaycanın statusu qeyri-aktivə endirilmişdi.
Samir Əliyev yazır ki, vətəndaş cəmiyyətinin cəhdlərinə rəğmən Azərbaycan hökuməti Açıq Hökumət Tərəfdaşlığında qalmaq üçün heç nə etməyib: “Hökumətdən vətəndaş cəmiyyətinin fəaliyyətinə şəraitin yaradılması, qanunvericiliyə 2014-cü ildən başlayaraq edilmiş məhdudlaşdırıcı dəyişiklikləri aradan qaldırmaq istənirdi. 2016-cı ildə Azərbaycanın statusu qeyri-aktivə endiriləndən qurum iki dəfə Azərbaycan hökumətinə tövsiyələr göndərdi, ancaq vətəndaş cəmiyyətinin əl-qolunu açmaq istiqamətində heç bir addım atılmadı.
Açıq Hökumət Tərəfdaşlığı beynəlxalq platforması 75 ölkəni, o cümlədən qonşu Gürcüstan və Ermənistanı birləşdirir. Rusiya, İran və Türkiyə bu təşəbbüsün üzvü deyil. İndi Azərbaycan da onların sırasına qoşuldu, daha bir vacib beynəlxalq platformanı itirdik, vətəndaş cəmiyyətinin fəaliyyəti üçün daha bir pəncərə bağlandı”.