İyunun 27-də start götürmüş 2023-2024 mövsümündə UEFA-nın klub turnirlərinə 234 komanda buraxılıb. Novator.az bildirir ki, avqustun 18-dək 116 komanda mübarizəni dayandırıb. Rusiya yarışlardan kənardır, 14 UEFA üzvü, o cümlədən Ermənistan, Latviya, Gürcüstan, Estoniya təmsilçisiz qalıb. İndi Çempionlar Liqasında 39, Avropa Liqasında 35, Konfrans Liqasında 44 komanda var.
Azərbaycan mövsümə 4 komanda ilə başlayıb. Çempionlar Liqasının birinci mərhələsində start götürən “Qarabağ” ikinci raundda ilişib, Avropa Liqasına köçərək bir mərhələ adlayıb, ən azı Konfrans Liqasının qrup raunduna vəsiqəni təmin edib.
Konfrans Liqasındakı təmsilçilər turnirə ikinci mərhələdən qoşulub. “Qəbələ” həmin raundda, “Sabah” və “Neftçi” üçüncü mərhələdə ələnib.
Azərbaycan 55 üzvü olan UEFA-nın klub reytinqində 29-cu pillədə qərar tutur.
Reytinq turnirlərin son beş mövsümündə qazanılan əmsala əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır.
Çempionlar Liqasının qrup mərhələsi 4 bonus xalı, 1/8 finalı 5 bonus xalı, 1/4 finalı, yarımfinalı və finalı 1 bonus xalı verir.
Avropa Liqasında qrup qalibi olmağa 4 bonus xalı, qrupda ikinci yeri tutmağa 2 bonus xalı, 1/8 finala, 1/4 finala, yarımfinala və finala adlamağa 1 bonus xalı düşür.
Konfrans Liqasında qrup qalibi olmaq 2 bonus xalı, qrupda ikinci yeri tutmaq 1 bonus xalı, yarımfinal və final 1 bonus xalı qazandırır.
Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.
Azərbaycan bu mövsüm 2,250 əmsal əldə edib.