BMT Təhlükəsizlik Şurasının 16 avqust iclasında Azərbaycanın Dağ Qarabağ bölgəsindəki durum müzakirə olunub. Ermənistanın müraciəti – Dağ Qarabağdan bu ölkəyə gedən Laçın yolunun qapanması, bölgədə humanitar böhran yaranması iddiaları əsasında keçirilən iclasa şura üzvləri təmsilçiləri ilə yanaşı Azərbaycan, Ermənistan, Türkiyə və Avropa İttifaqı nümayəndələri qatılıb.
193 ölkəni bir araya gətirən BMT-nin mərkəzi qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşir. Beynəlxalq sülh və təhlükəsizliyə məsul Təhlükəsizlik Şurasının 15 üzvü var. 5 daimi üzv – ABŞ, Böyük Britaniya, Çin, Fransa, Rusiya qərarlara veto qoya bilir. Qurumun 10 üzvü iki il müddətinə seçilir. Hazırda qeyri-daimi üzvlər sırasında Qabon, Qana, Mozambik, Birləşmiş Ərəb Əmirlikləri, Yaponiya, Braziliya, Ekvador, Albaniya, İsveçrə və Malta yer alır.
16 avqust iclasından xəbər yayan AZƏRTAC bildirir ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev çıxışında “blokada” və “humanitar böhran” iddialarını rədd edib: “Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan siyasi kampaniyadır. Məhz Ermənistan 30 ilə yaxın dövrdə işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını birmənalı tələb edən dörd qətnaməyə və Təhlükəsizlik Şurasının sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb. Bu xüsusda Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümündən başqa bir şey deyil və onun Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir”.
Azərbaycanın Xarici İşlər Nazirliyi hər hansı sənədin qəbul olunmadığı iclasdan sonra bəyanat yayaraq qeyd edib ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasından öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar olub: “Ermənistanın ali orqanı bu cür istismar etmək səyləri postmünaqişə dövründə normallaşma gündəliyinin irəli aparılması baxımından qeyri-məhsuldar və destruktivdir.
Azərbaycan Ermənistanın məsələlərin həll yolunun konstruktiv qarşılıqlı fəaliyyət, habelə beynəlxalq hüquq normalarının və bu çərçivədə götürülmüş öhdəliklərin vicdanla yerinə yetirilməsindən keçdiyini anlayacağına ümid edir. BMT Təhlükəsizlik Şurasının çoxsaylı üzvlərinin vurğuladığı kimi, regionda sülh və sabitliyin əsası suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır”.
Bəyanatda həmçinin bildirilir ki, 16 avqust müzakirələri Azərbaycanın Ağdam-Xankəndi yolundan istifadə təklifinin beynəlxalq ictimaiyyətdə müsbət qarşılandığını və yüklərin Azərbaycanın Qarabağ bölgəsinə qanuni və şəffaf şəkildə çatdırılmasını təmin etmək üçün Ermənistanın yaratdığı maneələrin qəti şəkildə aradan qaldırılmasının labüdlüyünü bir daha göstərdi.
Ermənistan 1988-ci ildə Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ bölgəsini özünə birləşdirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə bölgə “müstəqil dövlət” elan edilib, bunun ardınca müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycan ərazilərinin altıda birini işğal edib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaş nəticəsində əldə edilən razılaşmalar, sonrakı lokal hərbi əməliyyatlarla ərazilərin böyük hissəsi azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran rejimin işğalında qalır. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi Ermənistanın əlindədir.
2023-cü il aprelin 23-də Laçından Yuxarı Qarabağa gedən yolun başlanğıcında, Malxələf kəndi yaxınlığında Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qurulub. Ermənistan və onun havadarları postun götürülməsini istəyir.