ABŞ-ın Əmək Statistikası Bürosunun məruzəsinə görə, amerikalı qadınlar hər gün orta hesabla 52 dəqiqəni uşaqlara və ailənin başqa üzvlərinə qulluğa sərf edir. Bura qadınların həm evdə, həm də evdən kənarda göstərdiyi qulluq daxildir.
Amerikalı kişilərin gün ərzində bu işlərə sərf etdiyi vaxt isə 26 dəqiqə göstərilir.
Bir sutka 1440 dəqiqəyə bərabərdir.
Novator.az saytı bildirir ki, statistikanı yayan “Bloomberg” agentliyi məsələyə ölkənin Qadın və Ailələrin Milli Tərəfdaşlığı qurumunun şərhini də əlavə edib. Şərhə əsasən, ailəyə-uşağa qulluğa görə ayrıca maaş verilsəydi, amerikalı qadınlar il ərzində ümumilikdə 627 milyard dollar əlavə pul qazanardılar. Maaş dedikdə söhbət saathesabı 14,5 dollar ödənişdən gedir. Amerikalı xanımlar ailə-uşağa xidmətin hər saatına görə bu qədər vəsait alsaydı, bir qadının illik qazancı 4600 dollar artardı.
Eyni xidmətə görə kişilər eyni məbləğdə maaş alsaydı, hər kişinin illik qazancının üstünə 2300 dollar əlavə olunardı.
Əmək Statistikası Bürosu ananın ildə ata qədər maaş ala bilməsi üçün nə qədər çalışmalı olduğuna da nəzər yetirib və uşağa baxmağın qadınları maddi cəhətdən geriyə saldığı qənaətinə gəlib. Büronun hesabatına görə, işləyən analar ailə başçısı olduğu təqdirdə belə kişilərdən az qazanırlar. Ailənin digər üzvlərinin də qayğısına qalmaqla məşğul olan xanımlar isə iş saatlarını azaltmaq, yaxud müəyyən aralıqda işdən ayrılmaq kimi səbəblərdən tez-tez karyera uğursuzluğu ilə üzləşirlər.
Əmək Statistikası Bürosunun hesablamasına görə, 1967-ci ildən götürdükdə qadınlarla kişilər arasında maaş fərqi işləyən amerikalı xanımların ümumilikdə 61 trilyon dollar itirməsi ilə nəticələnib.
Büro hesab edir ki, bərabər maaşa nail olmaq istiqamətində göstərilən səylər indiki templə davam etsə, fərq ən tez 2056-cı ildə aradan qalxa bilər.
Statistikaya əsasən, ilk övlad doğulandan sonra işləyən ana ildə orta hesabla 8000 dollara yaxın pul itirir. Amma ilk övladın dünyaya gəlməsi atanın gəlirinə ciddi zərbə vurmur.
Mənbə: Bloomberg.com