“Rusiya Mərkəzi Bankı avqustun 15-dən real maliyyə əməliyyatlarında rəqəmsal rublu sınaqdan keçirir. Bu texnologiya Rusiyaya beynəlxalq sanksiyaların effektini azaltmağa və vətəndaşlara nəzarəti gücləndirməyə yardım edəcək”. Novator.az-ın məlumatına görə, “Frans Press” agentliyinin şərhində belə deyilir.
Agentlik xatırladır ki, rəqəmsal rublun sınaq mərhələsi Rusiya-Ukrayna müharibəsinin qızğın çağına və rublun dollara nisbətdə əridiyi bir vaxta təsadüf edir: “Moskva rəqəmsal valyuta ideyası üzərində çoxdan düşünürdü. Ancaq Qərbin sanksiyaları Rusiyanın qlobal bank sisteminin bir hissəsinə çıxışını qapatdığından rəqəmsal rublun dövriyyəyə buraxılması prosesi sürətləndi”.
Bununla Rusiyanın real maliyyə əməliyyatlarında rəqəmsal valyutanı sınaqdan keçirən 21-ci ölkəyə çevrildiyini xəbər verən “Frans Press” qeyd edir ki, Moskvanın əsas məqsədi maliyyə sistemini möhkəmləndirmək, beynəlxalq aləmin Rusiyaya qarşı tətbiq etdiyi məhdudiyyətlərin təsirini azaltmaqdır.
“ARK36” kriptovalyuta investisiya fondunun təsisçisi Mikkel Morç “Frans Press”ə deyib ki, rəqəmsal rubl həqiqətən Rusiyanın sanksiyalardan yayınmaq imkanlarını genişləndirəcək: “Bu siyasət Rusiyaya məhdudiyyət tətbiq edən xarici banklardan yan ötməyə şərait yaradacaq. Çünki rəqəmsal reyestrə sanksiya qoymaq, onu təzyiq altında saxlamaq daha mürəkkəb məsələdir. Beynəlxalq maliyyə əməliyyatlarının aparıldığı əsas sistemə giriş Rusiya banklarının əksərinin üzünə bağlandığından Moskva fərqli üsullar axtarmağa məcburdur”.
Mikkel Morç onu da qeyd edib ki, ümumiyyətlə rəqəmsal valyutanın yaradılması ticarət prosesində ABŞ pulundan – dollardan qurtulmağa çalışanlarla dollar tərəfdarları arasında geosiyasi savaşın bir hissəsidir. Analitikin fikrincə, rublun rəqəmləşdirilməsi Moskvaya rusiyalılar üzərində nəzarəti gücləndirməyə də imkan verəcək: “Hökumət bir düyməni basmaqla cərimələr tətbiq edə, aktivləri dondura biləcək. Bu baxımdan rəqəmsal rubldan ictimai nəzarəti sərtləşdirməyin başlıca vasitələrindən biri kimi istifadə oluna bilər”.
Rusiya Mərkəzi Bankı rəqəmsal rubla ehtiyac olduğunu ilk dəfə rəsmən 2020-ci ilin oktyabrında açıqlamışdı. O zaman bank bunu ölkənin istənilən yerində ödənişi təhlükəsiz, sürətlə, rahat həyata keçirmək niyyəti ilə əsaslandırmışdı.
Rəqəmsal rublun maliyyə arxitekturasının təhlükəsizliyinə Federal Təhlükəsizlik Xidməti nəzarət edir.
Avqustun 16-da Rusiya Mərkəzi Bankı 1 ABŞ dollarını 97,4 dollara satır.
Azərbaycan Mərkəzi Bankı 100 Rusiya rubluna 1 manat 75 qəpik qiymət qoyub.
Rubl Ukraynaya hərbi təcavüzə görə dünya birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyalar üzündən ucuzlaşıb.
Rusiya 2014-cü ildə Ukraynanın Krım bölgəsini tutaraq özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində isə işğalçı rejimlər qurub.
2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar apararaq ölkənin cənub-şərq bölgəsini ələ keçirib.
Sentyabrın 29-da Rusiya Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
Mənbə: France24.com