Dövlətin icazəsi olmadan onun ərazisinə humanitar yardım adı altında konvoy yeritmək cəhdi çağdaş tarixdə ilk hadisə deyil. 9 il qabaq – 2014-cü ildə eyni hoqqanı Rusiya Ukrayna sərhədində çıxarıb. O vaxt Kiyev Rusiyanın Ukraynaya silah-sursat və terrorçu keçirəcəyindən ehtiyatlandığına görə Moskvanın humanitar yardım adı verdiyi təşəbbüsü rədd edib.
Bəs onda Qərbin məsələyə münasibəti necə olub? ABŞ və Avropa İttifaqı birmənalı şəkildə Rusiyanın əməllərini qınayıb, Ukraynanın müdafiəsinə qalxıb.
Novator.az xəbər verir ki, Bolqarıstanın ingilisdilli “Sofia Globe” nəşri hazırda Ermənistanın humanitar yardım adı ilə bir yığın yük avtomobilini Azərbaycanın sərhədinə dirəməsinin də mahiyyətcə eyni hadisə olduğunu yazır. Əvvəla, nəşr bu hoqqanın da arxasında Rusiyanın dayandığına dair ehtimallar irəli sürür. Xatırladır ki, Ermənistanın Azərbaycanla sərhədə yığdığı yük avtomobilləri Rusiya ilə sıx əlaqələrə malik “Spayka” şirkətinə məxsusdur: “Bu şirkətin həqiqi sahibinin isə Ermənistanın ən ruspərəst prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryan olduğunu əminliklə deyənlər var.
…Köçəryanın “Spayka”sı qaçaqmalçılığı ilə məşhurdur. 2020-ci ilin Qarabağ müharibəsi zamanı “Spayka” Rusiyadan Ermənistana qanunsuz silah daşımaqla məşğul olub. 2020-ci il oktyabrın 10-da Gürcüstan-Ermənistan sərhədində “Spayka”nın silah dolu yük avtomobilləri saxlanmışdı”.
Rusiya sülhməramlı kontingentinin Qarabağdakı erməni quldur dəstələrini silahlandırdığı haqda məlumatları misal çəkən “Sofia Globe” nəşri bir daha vurğulayır ki, Ukraynanın şərqindəki separatizm nədirsə Azərbaycanın Qarabağ bölgəsindəki separatizm də odur, hər ikisi Rusiyanın xalqları əsarətdə saxlamaq cəhdinin nəticəsidir: “Yük avtomobilləri qalmaqalı da rus imperializminin bir təzahürüdür”.
Ancaq “Sofia Globe” bütün bunlara baxmayaraq Qərbin Qarabağ ətrafındakı “humanitar yardım” oyununa fərqli münasibət sərgilədiyini, bəzi Qərb dövlətlərinin, xüsusilə Fransa və ABŞ-ın erməni diasporunun təsiri altında ruspərəst separatçıların tələblərini dəstəklədiyini qeyd edir.
“Sofia Globe” hesab edir ki, 2014-cü ildə Rusiya humanitar yardım bəhanəsi ilə Ukraynaya yük avtomobilləri göndərəndə Qərb məsələyə necə reaksiya vermişdisə, indi də elə reaksiya verməlidir: “2014-cü ilin avqustunda NATO-nun baş katibi Anders Foq Rasmussen belə demişdi: “Rusiya konvoyunun humanitar yardım adı altında Ukraynaya girməsini qınayıram. Bu, Rusiyanın beynəlxalq öhdəlikləri kobud surətdə pozmasıdır”.
“Rusiya hara, Ukraynaya yardım göstərmək hara?.. Bu səbəbdən gələcəkdə Rusiyanın Ukrayna ərazisinə birtərəfli qaydada istənilən müdaxiləsi, o cümlədən humanitar yardım adı altında müdaxiləsi yolverilməzdir” – bu da 2014-cü ilin avqustunda deyilmiş fikirdir. Müəllifi həmin vaxt ABŞ-ın BMT-də daimi nümayəndəsi olmuş Samanta Pauerdir.
“Rusiyadan Ukraynaya yük avtomobillərinin göndərilməsi açıq-aşkar Ukrayna sərhədlərinin pozulmasıdır” – Avropa Komissiyasının rəsmisi Sebastyan Brabantın sözüdür”.
“Sofia Globe” o vaxt ABŞ prezidenti Barak Obama ilə Almaniya kansleri Angela Merkel arasında telefon danışığına dair press-relizdən də iqtibas gətirir: “İki lider razılığa gəldi ki, Ukrayna icazə vermədiyi halda Rusiyanın bu ölkəyə konvoy göndərməsi növbəti təxribat, suverenliyə və ərazi bötövlüyünə qəsddir”.
Mənbə: Sofiaglobe.com