Ermənistanın müraciətini nəzərə alan BMT Təhlükəsizlik Şurası avqustun 16-da Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsindəki durumu müzakirəyə çıxaracaq.
Novator.az bildirir ki, 193 ölkəni bir araya gətirən BMT-nin mərkəzi qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşir. Beynəlxalq sülh və təhlükəsizliyə məsul Təhlükəsizlik Şurasının 15 üzvü var. 5 daimi üzv – ABŞ, Böyük Britaniya, Çin, Fransa, Rusiya qərarlara veto qoya bilir. Qurumun 10 üzvü iki il müddətinə seçilir. Hazırda qeyri-daimi üzvlər sırasında Qabon, Qana, Mozambik, Birləşmiş Ərəb Əmirlikləri, Yaponiya, Braziliya, Ekvador, Albaniya, İsveçrə və Malta yer alır.
Azərbaycanın Xarici İşlər Nazirliyi avqustun 14-də bəyanat yayaraq bildirib ki, “Ermənistanın “bölgədə humanitar vəziyyətin pisləşməsi” və “davam edən blokada” iddiaları ilə BMT Təhlükəsizlik Şurasına müraciəti sülhə yönəlmiş səylərə qəsdən və məqsədyönlü şəkildə mane olduğu bir zamanda baş verir: “Son üç il ərzində Ermənistanın Laçın yolundan sui-istifadə etməsi halları Azərbaycanın öz sərhədində təhlükəsizlik və asayişi təmin etmək məqsədilə sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis olunması üçün legitim və hüquqi tədbirlər görməsini zəruri edib. Ermənistan Azərbaycan ərazisindən tam çıxarılmamış silahlı qüvvələrin ehtiyaclarını təmin və təchiz etməkdən, habelə Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq istismar etməkdən məhrum olması reallığı ilə barışmayıb. Bu səbəbdən Ermənistan bütün dünyada təbliğat kampaniyasına başlayıb, sərhəd-buraxılış məntəqəsinin normal fəaliyyəti, eləcə də Azərbaycanın Qarabağ bölgəsinə yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolu kimi digər marşrutlardan istifadə edilməsinə qarşı bir sıra hərbi və digər maneələr törədib”.
Ermənistan 1988-ci ildə Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ bölgəsini özünə birləşdirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə bölgə “müstəqil dövlət” elan edilib, bunun ardınca müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycan ərazilərinin altıda birini işğal edib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaş nəticəsində əldə edilən razılaşmalar, sonrakı lokal hərbi əməliyyatlarla ərazilərin böyük hissəsi azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran rejimin işğalında qalır. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi Ermənistanın əlindədir.
2023-cü il aprelin 23-də Laçından Yuxarı Qarabağa gedən yolun başlanğıcında, Malxələf kəndi yaxınlığında Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qurulub. Ermənistan və onun havadarları postun götürülməsini istəyir.