BMT Təhlükəsizlik Şurasının altı üzvü – ABŞ, Böyük Britaniya, Fransa, Albaniya, Yaponiya və Malta Rusiyadan Cənubi Osetiya və Abxaziyanı Gürcüstana qaytarmağı tələb edir. Novator.az-ın məlumatına görə, bu tələb həmin ölkələrin avqustun 10-da qəbul etdiyi bəyanatda əksini tapır.
Bəyanatda vurğulanır ki, Rusiya 2008-ci ildə Gürcüstana təcavüz edib, hazırda eyni təcavüzü daha sərt formada Ukraynada davam etdirir. Bütün bunlar Rusiyanın qonşu dövlətlərə münasibətdə aqressiv mövqe tutmasının əyani sübutu kimi xarakterizə olunur.
Sənədə imza atan ölkələr Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini, ərazi bütövlüyünü, suverenliyini qətiyyətlə dəstəklədiyini diqqətə çatdırır.
Qeyd olunur ki, Rusiya Cənubi Osetiya və Abxaziyanı hələ də işğal altında saxlayır, üstəlik, təxribatlardan əl çəkmir, Gürcüstanın dəniz və hava məkanında tez-tez hərbi təlim keçirir, zəbt etdiyi əraziləri Gürcüstandan tikanlı məftillərlə, digər maneələrlə ayırmağa çalışır, yerli əhali arasında qanunsuz saxlama, adam oğurluğu metodları ilə repressiya aparır, Cənubi Osetiya və Abxaziyada yaşayan gürcülərə qarşı ayrı-seçkilik siyasəti yürüdür, bu bölgələrdə gürcü mədəni irsinə qəsdən ziyan vurur.
Bəyanat müəllifləri hesab edir ki, Rusiya-Gürcüstan münaqişəsi BMT nizamnaməsinə uyğun, beynəlxalq hüquq normaları, o cümlədən ərazi bütövlüyü prinsipinin toxunulmazlığı çərçivəsində, dinc yolla həll olunmalıdır.
Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri 1990-cı illərdən özünü müstəqil dövlət elan etmiş rejimlərin əlindədir. 2008-ci il avqustun 8-də Gürcüstan hərbçiləri Cənubi Osetiyada əməliyyat keçirməyə cəhd göstərib. Rusiya Gürcüstana qoşun yeridib, avqustun 12-dək davam edən müharibədə ölkənin bir hissəsini işğal edib. Avqustun 26-da Rusiya Abxaziya və Cənubi Osetiyanı “müstəqil dövlət” kimi tanıyıb. Hər iki bölgədə Rusiyanın hərbi bazaları var.
1945-ci ildə yaradılan BMT 193 ölkəni bir araya gətirir. Qurumun mərkəzi qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşir.
Beynəlxalq sülh və təhlükəsizliyə məsul Təhlükəsizlik Şurasının 5 daimi üzvü – ABŞ, Böyük Britaniya, Çin, Fransa, Rusiya qərarlara veto qoya bilir. Qurumun 10 üzvünü iki il müddətinə Baş Məclis seçir. Hazırda qeyri-daimi üzvlər sırasında Qabon, Qana, Mozambik, Birləşmiş Ərəb Əmirlikləri, Yaponiya, Braziliya, Ekvador, Albaniya, İsveçrə və Malta yer alır.
Mənbə: Apnews.com