Novator.az UEFA-nın klub reytinqinə nəzər salıb.
İlk beşlikdə İngiltərə, İspaniya, İtaliya, Almaniya və Niderland yer alır.
Azərbaycan 55 üzv arasında 29-cu pillədə qərar tutur.
Türkiyə 10-cu, Ukrayna 15-ci, Rusiya 26-cı, Moldova 30-cu, Ermənistan 32-ci, Latviya 33-cü, Qazaxıstan 35-ci, Litva 43-cü, Gürcüstan 46-cı, Estoniya 47-ci, Belarus 49-cudur.
Siyahını San Marino qapayır.
Klub turnirlərinin 2023-2024 mövsümünə 54 UEFA üzvünün (Rusiya yarışlardan kənardır) 234 komandası buraxılıb. 84 komanda ələnib, Çempionlar Liqasında 48, Avropa Liqasında 33, Konfrans Liqasında 69 komanda mübarizəni davam etdirir.
Azərbaycan mövsümə 4 komanda ilə başlayıb. “Qarabağ” Çempionlar Liqasının birinci mərhələsində start götürərək ikinci raundda uduzub, indi Avropa Liqasında yarışır.
Konfrans Liqasındakı Azərbaycan təmsilçiləri turnirə ikinci mərhələdən qoşulub. “Qəbələ” ələnib, “Sabah” və “Neftçi” üçüncü mərhələdədir.
UEFA-nın klub reytinqi turnirlərdə son beş mövsümdə qazanılan əmsala əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır.
Çempionlar Liqasının qrup mərhələsi 4 bonus xalı, 1/8 finalı 5 bonus xalı, 1/4 finalı, yarımfinalı və finalı 1 bonus xalı verir.
Avropa Liqasında qrup qalibi olmağa 4 bonus xalı, qrupda ikinci yeri tutmağa 2 bonus xalı, 1/8 finala, 1/4 finala, yarımfinala və finala adlamağa 1 bonus xalı düşür.
Konfrans Liqasında qrup qalibi olmaq 2 bonus xalı, qrupda ikinci yeri tutmaq 1 bonus xalı, yarımfinal və final 1 bonus xalı qazandırır.
Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.
Azərbaycan bu mövsüm 2,000 əmsal əldə edib.