Dünya mediasından
- 11 Avqust 2023
- comments
- Novator.az
- Posted in Dünyanın səsiXəbər
“Wall Street Journal” qəzetinin dərc etdiyi redaksiya məqaləsində deyilir ki, dünya gündən-günə daha təhlükəli olur. Bildirilir ki, növbəti böyük müharibənin ABŞ ərazisindən yan keçəcəyini düşünənlər yaxşı olardı Çinlə Rusiyanın Alyaska sahillərində keçirdiyi birgə hərbi dəniz təliminə nəzər salsınlar. Qeyd olunur ki, təlim zamanı Aleut adaları yaxınlığında 11 gəmi manevr edib. Çinin Ukraynada müharibə aparan Rusiyaya dəstək verdiyini xatırladan “Wall Street Journal” qəzeti vurğulayır ki, Alyaska sahillərindəki birgə təlim Pekinlə Moskva arasında hərbi əməkdaşlığın daha geniş spektri əhatə etdiyini göstərir. Qəzetin rəyinə görə, Alyaska sahillərindəki birgə əməliyyat hələlik təhdid kimi qəbul olunmasa da, belə manevrlər bir gün təhlükəyə çevrilə də bilər: “Böyük güclərin yeni rəqabəti erasında Rusiya, Çin və İran ABŞ-a meydan oxuya bilmək üçün kürək-kürəyə verib. Çinlə Rusiyanın birgə hərbi dəniz təlimi ABŞ ərazisinin təhlükəsiz olmadığı barədə xəbərdarlıqdır – bunu belə anlamaq gərəkdir. Bir məqsəd də yəqin ki, ABŞ-ın manevrlərə necə reaksiya verəcəyini yoxlamaqdır”.
“Nyu-York Tayms” qəzeti yazır ki, Rusiya məşhur video oyun platformalarında informasiya müharibəsi aparır. Bir qrup mütəxəssisin araşdırmasına əsaslanan qəzet vurğulayır ki, “Minecraft”, “Roblox”, “World of Tanks”, “World of Warships”, “Fly Corp”, “Armored Warfare” və “War Thunder” proqramlarında Kreml təbliğatının onlarla nümunəsinə rast gəlinib. Mütəxəssislər bu təbliğatı aparanların Rusiyanın dövlət strukturları və siyasi partiyaları ilə əlaqəli adamlar olduğunu bildirir. Məlumata görə, rusiyalı oyunçular “Minecraft” virtual oyununda Ukraynanın Soledar şəhəri uğrunda döyüş səhnəsi canlandırıb, sonra həmin videonu “Vkontakte” sosial şəbəkəsində də yayıblar. “Roblox” platformasında istifadəçilərdən biri iyunun 12-si – Rusiya Günü zamanı Daxili İşlər Nazirliyi qulluqçularından ibarət bütöv bir qoşun bölməsini canlandırıb. May ayında isə “World of Tanks” oyun platformasında İkinci Dünya müharibəsindəki qələbə münasibətilə Moskvada keçirilmiş ilk hərbi parada çıxarılan tankların oxşarı nümayiş olunub. Kibertəhlükəsizlik üzrə ixtisaslaşmış “ActiveFence” şirkətinin əməkdaşı Tanya Bekker “Nyu-York Tayms”a deyib ki, virtual oyunlar ictimai rəyə, xüsusən gənclərin düşüncəsinə ciddi təsir göstərmək imkanındadır. “Nyu-York Tayms” xatırladır ki, 2022-ci ildə Dövlət Dumasının bəzi deputatları Rusiya Milli Qvardiyasını (“Rosqvardiya”) hörmətə mindirmək məqsədilə video oyunlara inteqrasiya etmək təklifi irəli sürüblər: “Ancaq təşəbbüsün həyata keçirilib-keçirilmədiyi bilinmir”.
“Vaşinqton Post” qəzetində “Ukraynalılar rus dili ilə üzülüşür” başlıqlı məqalə dərc olunub. Yazıda Ukraynanın şərqində, Rusiya ilə sərhəddən 40 kilometr aralıda yerləşən, tarixən rusdilli şəhər hesab olunmuş Xarkovdan misal gətirilir. Bildirilir ki, hazırda bu şəhərdə Ukrayna dili kurslarına tələbat çox yüksəkdir: “Ofisiantlar, bərbərlər, satıcılar getdikcə rus dilində danışmağı tərgidirlər. Adamlar Ukrayna dilində çıxan kitabları rəflərdən elə qamarlayırlar ki, yerli nəşriyyatlar təzə sifarişləri güclə çatdırır. 2022-ci il fevralın 24-də Ukraynaya hərbi hücum əmri verəndə Rusiya prezidenti Vladimir Putinin qondardığı əsas bəhanələrdən biri rusdilliləri qorumaq idi. İndi bu saxtakarlığın nəticəsinə baxın: Ukraynada insanlar rusca kitabları gətirib kağız tullantılarının qəbulu məntəqələrinə verir ki, doğransın, ondan tualet kağızı düzəldilsin. Kiyev Politexnik İnstitutunun dilçilik kafedrasının dosenti İrina Pobidaş deyir ki, Ukraynada rusca danışmaq müşkülə çevrilib, çünki bu dilə düşmən dili, bu gün baş verən bütün fəlakətlərin, ağrı-acının simvolu kimi baxılır. Romanlarını yalnız rus dilində qələmə alan ukraynalı nasir Andrey Kurkov bildirir ki, müharibə başlanandan yazmaq ona ar gəlir, çünki Rusiyanın yerinə xəcalət və əzab çəkir”. Məqalədə vurğulanır ki, Ukraynada rus dilindən imtina 2014-cü ildə Rusiya Krım yarımadasını işğal edəndən və Ukraynanın şərqində himayə etdiyi iki separatçı rejimin əli ilə müharibəyə rəvac verəndən start götürüb. 2022-ci ilin fevralında total müharibə başlanandan sonra isə proses həm genişlənib, həm də sürətlənib. Bütün bunlar Putinin seçdiyi hərbi təcavüz yolunun guya nə vaxtsa “rus dünyası”nı bir yerə cəmləməyə xidmət etdiyi barədə deyilənlərin nə qədər cəfəngiyat olduğunu bir daha sübuta yetirir.
“Forbes” jurnalı 50 yaşdan sonra böyük uğura imza atmış amerikalı qadınların yeni siyahısını açıqlayıb. Yeni reytinq dörd siyahıdan ibarətdir. Siyahılar innovasiya, ictimai nüfuz, investisiya, həyat tərzi istiqamətləri üzrə tərtib olunub. Hər istiqamətdə reytinq cədvəlinə 50 qadının adı salınıb. “Forbes” yaşı 50-ni ötmüş uğurlu xanımları yaş və gender çərçivələrinə meydan oxuyan lider qadınlar kimi xarakterizə edir. 50 yaşdan sonra böyük uğura imza atan amerikalı qadınların cərgəsində ilk romanını 62 yaşında qələmə almış, indi – 65 yaşında bestseller romanların müəllifi kimi ad çıxaran yazıçı Alka Coşinin (həyat tərzi kateqoriyası), odlu silahlarla törədilən zorakılıqlara son qoymaq uğrunda apardığı mübarizəsi 2023-cü ildə Konqresin yeni qanun qəbul etməsi ilə nəticələnən 52 yaşlı ictimai fəal Şennon Uotssun (ictimai nüfuz kateqoriyası), on illər boyu reproduktiv hüquqları müdafiə edən, indi – 80 yaşında yeni texnologiyalarla məşğul olan şirkətin həmtəsisçisi kimi kvant kompüterlərinin hazırlanmasına töhfə verən Fey Uotlonun (innovasiya kateqoriyası), 2022-ci ildə Nyu-Yorkda təsis etdiyi investisiya fondunun səhmləri 2023-cü ildə 1,8 milyard dollara çatan 53 yaşlı Mala Qaonkarın (investisiya kateqoriyası) adlarına rast gəlmək mümkündür.
Çində etnik və dini azlıq olan uyğur icmasının məşhur nümayəndəsi Tahir Hamut İzgil “Gecələr həbs gözləmək: uyğur şairin Çinin apardığı soyqırımı haqda xatirələri” adlı yeni kitab yazıb. Tahir Hamut İzgil 1969-cu ildə Çinin şimal-qərbində yerləşən Sincan Uyğur Muxtar Rayonunda doğulub. Paytaxt Pekində kolleci bitirəndən sonra Sincan bölgəsində müəllimlik edib. 1990-cı illərdə magistratura təhsili almaq məqsədilə Türkiyəyə getmək istəyərkən həbs olunub, məxfi materialları ölkədən qanunsuz çıxarmağa cəhddə təqsirli bilinərək Sincanda əsir düşərgəsinə salınıb. Üç il sonra azadlığa çıxıb, Sincan Uyğur Muxtar Rayonunun paytaxtı Urumçi şəhərində rejissor kimi fəaliyyət göstərib. “Nyu-York Tayms” qəzeti yazır ki, ABŞ-a gələndən sonra Tahir Hamut İzgil Çin hökumətinin uyğur icmasına qarşı törədiyi soyqırımı cinayətlərindən danışmağa ehtiyac olduğunu görüb. Müəlif yeni kitabında vurğulayıb ki, uyğur diasporu Çində baş verən soyqırımını dünya ictimaiyyətinə çatdırmaq, beynəlxalq aləmi əməli addım atmağa sövq etmək üçün durmadan çalışır: “Biz acı təcrübəmizi, yaşadıqlarımızı, keçirdiyimiz hissləri daim bütün dünya ilə bölüşürük. Bu fəaliyyətə təkcə bizim öz icmamızın faciəsini anlatmaq cəhdi kimi baxmaq olmaz. Uyğurların haqqını qorumağa çağırış əslində dünyanın hər yerində insan haqlarını qorumağa çağırış deməkdir”.