ABŞ-ın “Wall Street Journal” qəzetində “Çin və Rusiya Alyaskaya boylanır” başlıqlı redaksiya məqaləsi dərc olunub. Novator.az məqaləni ingiliscədən çevirib təqdim edir.
Növbəti böyük müharibənin ABŞ ərazisindən yan keçəcəyini düşünən amerikalılar az deyil. Yaxşı olardı onlar Çinlə Rusiyanın ötən həftə ABŞ-ın Alyaska ştatının sahillərində keçirdiyi birgə hərbi dəniz təlimi haqda xəbərlərə nəzər salsınlar.
Amerikalı rəsmilərin bildirdiyinə görə, təlim zamanı Aleut adaları (Alyaska yarımadasının cənub-qərb ucundan Kamçatka yarımadasının ətəyinə qədər qövs əmələ gətirən bu arxipelaq ABŞ-nin Alyaska ştatına daxildir) yaxınlığında 11 gəmi manevr edib.
Analitiklər deyirlər ki, bu, indiyədək həmin ərazidə keçirilmiş ən iri hərbi dəniz təlimidir. Ona qədərki ən iri təlim isə vur-tut bir neçə ay əvvəl – 2022-ci ilin sentyabrında olub.
Çin 2022-ci ilin fevralından Ukraynada müharibə aparan Rusiyaya dəstək verir. Alyaska sahillərindəki birgə təlim Pekinlə Moskva arasında hərbi əməkdaşlığın daha geniş spektri əhatə etdiyini göstərir.
ABŞ öz sərhədi yaxınlığında keçirilən son təlimə dərhal reaksiya verib: Çinlə Rusiyanın hərbi gəmilərini izləmək üçün əraziyə dörd minadaşıyan gəmi çıxarıb, havaya kəşfiyyat təyyarəsi qaldırıb.
2022-ci ilin sentyabrı ilə müqayisədə xeyli irəliləyişdir. ABŞ Rusiya ilə Çinin sentyabrda Alyaska yaxınlığında keçirdiyi birgə hərbi dəniz təliminə əhəmiyyət verməmişdi və bu, Alyaska ştatından senator Den Sallivanın sərt tənqidlərinə səbəb olmuşdu.
ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığının sözçüsü bəyan edib ki, Çin və Rusiyanın Alyaska sahillərindəki birgə əməliyyatı təhdid kimi qəbul olunmur. Amma belə manevrlər bir gün təhlükəyə çevrilə də bilər.
Böyük güclərin yeni rəqabəti erasında Rusiya, Çin və İran ABŞ-a meydan oxuya bilmək üçün kürək-kürəyə verib.
Çinlə Rusiyanın birgə hərbi dəniz təlimi ABŞ ərazisinin təhlükəsiz olmadığı barədə xəbərdarlıqdır – bunu belə anlamaq gərəkdir. Bir məqsəd də yəqin ki, ABŞ-ın manevrlərə necə reaksiya verəcəyini yoxlamaqdır.
Dünya gündən-günə daha təhlükəli olur. ABŞ-ın özündən müştəbeh siyasətçiləri isə ictimaiyyəti artan təhlükələr barədə məlumatlandırmaq istəmir.
Mənbə: Wsj.com