Şimali Kipr Türk Respublikasına səfər edən iqtisadçı, siyasətçi Natiq Cəfərli yunanlarla türklərin mehriban dolandığını yazır. O qeyd edir ki, yunan tərəfdən türk tərəfə sərhəd açıqdır: “Hər gün yüzlərlə insan yunan Kiprindən Şimali Kiprə keçir, onları bütün restoranlarda, bazarlarda, dükanlarda görmək olur. Çox isti yanaşma var, kin, qəzəb, nifrət hiss edilmir, icmalar arasında münasibətlər çox yaxşıdır. Əsrlərlə davam edən düşmənçilik olub, amma siyasi-hüquqi problemlərə baxmayaraq insanlar görüşür, danışır.
Yunan tərəfdən gələnlər şimalda dincəlməyi, əylənməyi çox sevirlər, həm də bura onlara görə ucuzluqdur, avro az qala 30 lirədir, 100-150 avro xırdalayanda gün ərzində yeyib-içir, ucuz mer-meyvə alıb gedirlər. Türk tərəfdə xidmət və keyfiyyət də yüksəkdir.
Oturub düşünürəm: biz və ermənilər belə ola bilərikmi? Xankəndi və ətrafında yaşayan erməniləri nə ilə, necə cəlb etməliyik?
Kiprdə sülhməramlı ingilislər, Qarabağda isə ruslardır. İngilislər incə işləyir, hər iki tərəfə təsir edə bilir, hər iki tərəf onları eşidir, bizdə isə kobud və qaba, ancaq öz maraqlarını düşünən ruslardır – bu amilin də təsiri var.
Bizim düşmənçiliyimizin tarixi 100-150 ildir, yunan-türk gərginliyi isə 1000 ildən çoxdur, onlar bu tarixə sivil baxıb yanaşı yaşaya bilirlərsə, biz də bacararıq, yetər ki, kənardan rusun barmağı olmasın, bir də bizim cəlbedici hekayəmiz olsun – qalanı düzələr. Çünki, şükür, bizdə hüquqi problem yoxdur, Xankəndi və ətrafını dünya Azərbaycan ərazisi kimi tanıyır.
Bölgəmizə sülh lazımdır. Sülh rifah, haqq və azadlıqların genişlənməsi deməkdir. Daim müharibə, toqquşma, gərginlik təhlükəsində sıxılan bölgə inkişaf edə, sərmayə çəkə bilməz. Daimi təhlükənin mövcudluğu isə sistemləri sərtləşməyə təşviq edən, ya da buna bəhanə verən amildir”.
Novator.az bildirir ki, Kipr Aralıq dənizində adadır. 1960-cı ildə adada Kipr Respublikası yaradılıb. 1974-cü ildə türklərin ölkədə sıxışdırılmasını nəzərə alan Türkiyə Kiprin şimalına qoşun yeridib. 1983-cü il noyabrın 15-də Şimali Kipr Türk Respublikası qurulub. Bu respublikanı yalnız Türkiyə müstəqil dövlət kimi tanıyır.
Kipr Respublikası 2004-cü ildən Avropa İttifaqının üzvüdür.
Şimalla cənubu ayıran xətt boyu sülhü əsası Böyük Britaniya hərbçilərindən olan BMT kontingenti qoruyur.
Kiprin vahid dövlətdə birləşməsinə cəhdlər fayda vermir.
1988-ci ildə Yuxarı (Dağlıq) Qarabağ erməniləri bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. 1991-ci ildə bölgə “müstəqil dövlət” elan edilib, bunun ardınca müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycan ərazilərinin altıda birini işğal edib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaş nəticəsində əldə edilən razılaşmalar, sonrakı lokal hərbi əməliyyatlarla ərazilərin böyük hissəsi azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran rejimin işğalında qalır. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi Ermənistanın əlindədir.