Bakı Apellyasiya Məhkəməsi AXCP üzvü Elxan Əliyevin həbsindən şikayətə avqustun 4-də baxacaq. Məlumatı Novator.az-a vəkil Nemət Kərimli verib.
Elxan Əliyevi iyulun 26-da Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tutub. İyulun 27-də Sabunçu Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.
Bakı İstintaq Təcridxanasında saxlanan cəbhəçi daha iki nəfərlə birgə külli miqdarda ziyan vurmaqla dələduzluq, hüquq verən rəsmi sənədi saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmədə təqsirli bilinir. Onların Nardaran qəsəbəsində bir nəfərə saxta sənədlə 57000 min manata torpaq sahəsi satdığı bəyan olunub.
Partiyadaşları ittihamı qurama sayır.
Cinayət Məcəlləsinə görə, külli miqdarda ziyan vurmaqla dələduzluq 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Hüquq verən rəsmi sənədi saxtalaşdırmanın maksimum cəzası 2 ilədək müddətə azadlıqdan məhrumetmədir.
Bilə-bilə saxta sənədlərdən istifadə etməyə maksimum 1 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.