Avqustun 2-də fərman imzalayan prezident İlham Əliyev bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydasını təsdiqləyib. Sənəd istehsalçı ilə bağlanan müqavilələrin xüsusiyyət və şərtlərini, eləcə də bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi zamanı zəmanətli tariflərin formalaşdırılması meyarlarını da müəyyən edir.
Qaydaya görə, Energetika Nazirliyi layihənin həyata keçirilməsi ilə bağlı bu tədbirləri görür: layihənin icra ediləcəyi bərpa olunan enerji mənbələrinin ərazisi və elektrik stansiyasının gücü, elektrik enerjisi şəbəkəsinə qoşulma və infrastruktur məsələlərini həll edir; dövlət və istehsalçının verdiyi təminatları, onların həcmini və müddətini müəyyən edir; layihənin predmeti olan elektrik stansiyalarının tikintisi (quraşdırılması, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) işlərinin başlanma və bitmə tarixlərini, tərəflər arasında tətbiq ediləcək dəbbə pulunun məbləğini müəyyən edir; namizədlərə dair ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədində əks olunmuş meyarları (maliyyə göstəricilərini, həyata keçirdiyi layihələri, maddi-texniki potensialını, texnoloji həlləri, icra planını, yerli işçi qüvvəsi və yerli məhsullardan istifadə) müəyyən edir; layihənin istismar müddəti başa çatdıqdan sonra elektrik stansiyasının utilizasiyası şərtlərini müəyyən edir; təminat müddəti başa çatdıqdan sonra elektrik enerjisinin satışı və torpaqdan istifadə ilə bağlı məsələləri həll edir; tələb olunan lisenziyaların və icazələrin siyahısını müəyyən edir; müqavilə tərəfləri arasında mübahisələrin həlli üsullarına dair təklifləri təqdim edir; istehsalçının seçimi üçün təqdim ediləcək bərpa olunan enerji mənbələrinin ərazisi üçün müəyyən edilmiş tədbirləri həyata keçirir.