Vəkil Aqil Layicin yaydığı məlumata görə, iqtisadçı, iş adamı Nazim Bəydəmirli həbs ediləndən bəri ailə üzvləri ilə telefon əlaqəsi saxlaya bilmir: “Həbs edilmiş və saxlanmış şəxslərin ən vacib hüquqlarından biri ailə üzvləri ilə əlaqə saxlamaq hüququdur. Nazim Bəydəmirlinin həftədə iki dəfə ailə üzvləri ilə 15 dəqiqə danışmaq hüququ var. Ancaq istintaq orqanı onun telefon danışığına qanunsuz qadağa qoyub. Ombudsmana, Penitensiar Xidmətin rəisinə bu barədə müraciət olunub, həmçinin əsassız məhdudiyyətin aradan qaldırılması üçün məhkəmə nəzarəti qaydasında şikayət verilib”.
1963-cü ildə Gədəbəyin Çay Rəsullu kəndində doğulan Nazim Bəydəmirli Voronej Dövlət Aqrar Universitetinin (Rusiya) yer quruluşu fakültəsini bitirib, həmin təhsil ocağının müəllimi olub. İqtisad elmləri doktorudur. 1993-cü ildən Rusiyada, 2000-ci ildən Azərbaycanda biznes fəaliyyəti göstərib. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin iyulun 4-də tutduğu Nazim Bəydəmirli hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmədə ittiham olunur. Bu əməl 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Rəsmi iddiaya görə, Nazim Bəydəmirli bir vətəndaşı rüsvay etməklə hədələyərək 50 min manat istəyib, iyunun 24-də ondan 10 min manat alıb.
İyulun 5-də Nərimanov Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. İyulun 10-da Bakı Apellyasiya Məhkəməsi həbs qətimkan tədbirini qüvvədə saxlayıb.
Müdafiəçiləri sabiq deputatın ictimai fəaliyyətinə görə tutulduğunu vurğulayır.
Nazim Bəydəmirli Bakı İstintaq Təcridxanasında saxlanır.