Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov hesab edir ki, Azərbaycanda insan haqları sahəsində durumun pisləşməsi beynəlxalq amilin zəifləməsi ilə bağlıdır: “Torpaqlar işğal altında olanda işğalçının beynəlxalq aləmdəki dəlillərini vurmaq lazım idi deyə ölkə rəhbərliyi insan haqlarına məhdud da olsa hörmət qoyurdu. Amma daha işğala son qoyulur, beynəlxalq gündəmdə insan haqları mövzusu isə yerini iqlim və sağlamlıq şüarı altında şəxs üzərində rəqəmsal nəzarət mövzularına verir. Bunu görən Azərbaycan rəhbərliyi media və siyasi partiyalar qanunlarını sərtləşdirdi, 10 il əvvəl məhv etdiyi sivil toplumun dirçəldilməsini tamamən gündəmdən sildi.
Əlimizdən alınmaqda olan nemətin – insan haqlarının sonuncu dayağı tələbkar ruhda seçkiyə qatılmaqdır. Bunu daim ən çox təşviq edən Respublikaçı Alternativ Partiyası olub. Amma gələn ay partiyanı qapatsalar, haqların daha bir parçası tezliklə əlimizdən alınacaq”.
Novator.az bildirir ki, REAL Partiyası 2018-ci ildə Respublikaçı Alternativ Hərəkatının bazasında yaradılıb, 2020-ci ildə dövlət qeydiyyatına alınıb.
1992-ci ildə qəbul edilmiş “Siyasi partiyalar haqqında” qanun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoyurdu. 2023-cü il yanvarın 11-də qüvvəyə minən yeni qanuna görə, qeydiyyat üçün partiyanın azı 5000 üzvü olmalıdır. Dövlət qeydiyyatında olan 59 partiyaya üzvlərinin sayını 5000 nəfərə çatdırmaq, onların reyestrini hazırlayıb təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitib.
Reyestrdə siyasi partiya üzvünün adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməlidir.
REAL Partiyası 5118 nəfərin reyestrini tərtib edərək iyunun 12-də dövlət qeydiyyatına məsul Ədliyyə Nazirliyinə göndərib. İyulun 17-də REAL-ın Ədliyyə Nazirliyindən mənfi cavab aldığı açıqlanıb. Qeyd olunub ki, siyahıdakı 986 nəfər partiyanın üzvü deyil, 1058 nəfərin telefon nömrəsi yerinə partiyanın ofisinin telefon nömrəsi göstərilib, 2527 nəfərin adı, soyadı və doğum tarixləri dövlət reyestrində təsdiqini tapmayıb, 68 nəfərin adı təkrar göstərilib, 16 nəfər isə vəfat etmiş şəxslərdir. Yalnız 463 nəfər barədə bilgilərə hər hansı irad olmayıb.
Reyestrdəki qüsurları düzəltmək üçün partiyaya 30 gün vaxt verilib.
1970-ci il təvəllüdlü İlqar Məmmədov Moskva Dövlət Universitetində tarix, Mərkəzi Avropa Universitetində (Budapeşt) siyasi elmlər üzrə ali təhsil alıb.
Bir çox beynəlxalq qurumda, ABŞ-ın Azərbaycandakı səfirliyində çalışıb.
Milli İstiqlal Partiyası sədrinin müavini olub.
2008-ci ildə Respublikaçı Alternativ Hərəkatını yaradaraq ona rəhbərlik edib, 2018-ci ildən eyniadlı partiyanın sədridir.
İlqar Məmmədov 2013-cü il fevralın 4-də hökumət əleyhinə iğtişaşlar təşkil etmək ittihamı ilə tutulub, 2018-ci il avqustun 13-dək həbsdə yatıb. Ali Məhkəmənin Plenumu 2020-ci il aprelin 23-də ona bəraət verib.