Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı rejimin “parlament sədri” Artur Tovmasyan iyulun 28-də istefa bəyanatı verib. Novator.az-ın məlumatına görə, o, rəsmi ərizəsini iyulun 29-da təqdim edəcəyini bildirib.
1962-ci ildə Stepanakert (Xankəndi) şəhərində doğulan Artur Tovmasyan ali pedaqoji təhsil alıb. Fizika-riyaziyyat elmləri namizədidir.
İşğalçı rejimin “parlamentinə” ilk dəfə 1995-ci ildə düşüb, 1996-1997-ci illərdə “sədr” kürsüsünü tutub.
2005, 2010, 2015-ci illərdə də “deputat” seçilən Artur Tovmasyan 2010-2015-ci illərdə “parlament sədrinin müavini” olub.
2020-ci il martın 31-də “parlamentə” Azad Vətən Partiyasından mandat alan Artur Tovmasyan mayın 21-də sədr seçilib.
1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə təcavüzə başlayıb. 1991-ci ildə ermənilər bölgəni “müstəqil dövlət” elan edib. Bunun ardınca müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Yuxarı Qarabağı və onun ətrafındakı rayonları işğal edib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimdə 1991-ci ildən 7 “parlament seçkisi”, 6 “prezident seçkisi”, 7 “bələdiyyə seçkiləri”, 3 “referendum” keçirilib.
Müxtəlif illərdə rejimə Leonard Petrosyan (iki dəfə), Artur Mkrtçyan, Georgi Petrosyan, Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan rəhbərlik edib.
2020-ci ildən Araik Arutunyan rejim başçısıdır.