Siyasi partiyaların dövlət qeydiyyatının yenilənməsi ətrafında susqunluq var.
1992-ci ildən siyasi partiyaların fəaliyyətini tənzimləmiş qanun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoyub. 2023-cü il yanvarın 11-də qüvvəyə minən yeni qanun qeydiyyat həddini 5000 üzvə qaldırıb. Dövlət qeydiyyatında olan 59 partiyaya üzvlərinin sayını 5000 nəfərə çatdırmaq, onların reyestrini (siyasi partiya üzvünün adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi) hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitib.
Dövlət qeydiyyatının həyata keçirilməsi və dövlət reyestrinin aparılması Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin işidir.
Novator.az-ın topladığı bilgiyə görə, 5000 üzv tələbi qüvvəyə minəndən sonra 29 partiya fəaliyyətini rəsmən dayandırıb, 1 partiya isə üzvlərinin sayını 5000 nəfərə çatdıra bilmədiyini bəyan edib.
Həmin partiyaları dövlət qeydiyyatında olmuş partiyaların siyahısından çıxanda yerdə 29 partiya qalır: Ağ Partiya, Ana Vətən Partiyası, Azad Vətən Partiyası, Azadlıq Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Mübarizləri Partiyası, Azərbaycan Ümid Partiyası, Böyük Azərbaycan Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Ədalət Partiyası, Gələcək Azərbaycan Partiyası, Haqq-Ədalət Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Milli Cəbhə Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Müsavat Partiyası, Respublikaçı Alternativ Partiyası, Vəhdət Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Yeni Azərbaycan Partiyası, Yeni Zaman Partiyası.
Ədliyyə Nazirliyinin mətbuat xidmətinin 18 iyul məlumatındakı statistika fərqlidir. Həmin məlumatda bildirilib ki, yeni qanunun qüvvəyə mindiyi gündən ötən müddətdə 31 partiya öz təşəbbüsü ilə ləğv olunub, 27 siyasi partiya üzvlərinin reyestrini nazirliyə təqdim edib. Hər hansı siyahı göstərilməyib.
Reyestrin yoxlanması zamanı qüsurların müəyyən olunduğu, partiyalara bu barədə məlumat verildiyi vurğulansa da, ad çəkilməyib.
İndiyədək Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Respublikaçı Alternativ Partiyasının sənədlərinin geri qaytarıldığı bəllidir.
Hansı partiyalar üzvlərinin reyestrini təqdim edib? Qeydiyyatı yenilənən partiya varmı? Hansı partiyaların sənədləri qüsurların aradan qaldırılması üçün geri qaytarılıb?
Təəssüf ki, bu suallara Ədliyyə Nazirliyindən cavab almaq mümkün olmur. Susqunluqdur…
Partiyaların 180 günlük möhləti bitdi
Azad Demokratlar Partiyası tarixə qovuşur?
Partiyalar üçün cərimə yenilikləri
Ədliyyə Nazirliyi REAL Partiyasına nə cavab verib?
Ədliyyə Nazirliyindən reyestr açıqlaması