Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan və xarici işlər naziri Hakan Fidanın Çinin baş diplomatı Van İ ilə keçirdiyi görüşlərdə uyğur məsələsi müzakirə olunub. Xəbəri ABŞ-ın “Reuters” agentliyi yayıb.
2013-2022-ci illərdə Çinin xarici işlər naziri olmuş Van İ iyulun 25-də yenidən həmin vəzifəyə təyin edilib. Bundan sonra xaricə ilk səfərini Türkiyəyə edən Van İnin iyulun 26-sı Ankarada prezident və xarici işlər naziri ilə keçirdiyi görüşlərdən istər Ankaranın, istərsə də Pekinin yaydığı rəsmi məlumatlarda uyğur məsələsinə toxunulmur. Lakin Novator.az bildirir ki, görüşlərdə Çində yaşayan uyğurların vəziyyətinin müzakirə olunduğunu Türkiyənin “Anadolu” agentliyi, TRT kanalı, ABŞ-ın “Amerikanın səsi” radiosu da təsdiqləyir.
Van İnin Türkiyədə olduğu gün uyğurlar İstanbul şəhərində etiraz aksiyası keçirib. Çinin İstanbuldakı baş konsulluğu önündə toplaşan mühacir uyğurlar “Faşist Çin, uyğur soyqırımını dayandır!”, “Türkiyə, yatma, qardaşına sahib çıx!” kimi şüarlar səsləndiriblər.
Uyğurlar əsasən Çinin şimal-qərbində yerləşən, rəsmən Sincan Uyğur Muxtar Rayonu adlandırılan, tarixi adı Şərqi Türküstan olan bölgədə yaşayırlar. Uyğur Muxtar Rayonu guya etnik özünüidarəetmə rayonudur, əslində isə bu, tamamilə formal muxtariyyətdir, 11 milyon müsəlman uyğurun yaşadığı rayonu idarə edənlərin böyük əksəriyyəti çinlidir.
Beynəlxalq qurumların hesabatlarına əsasən, Çində milyonlarla uyğur məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qalır, hökumət uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə də maneələr törədir.
ABŞ hökuməti, Kanada, Böyük Britaniya, Niderland, Belçika, Fransa, Litva, Çexiya və İrlandiya parlamentləri uyğurlara qarşı cinayətləri soyqırımı və ya soyqırımına cəhd kimi qiymətləndirib.
1949-cu ildə qurulan Çin Xalq Respublikasının idarəçiliyinə Kommunist Partiyası məsuldur. Ölkədə uyğurlara qarşı soyqırımı Si Cinpin hakimiyyətə gələndən tüğyan etməyə başlayıb. 1953-cü il təvəllüdlü Si Cinpin 2012, 2017 və 2022-ci illərdə partiya lideri, 2013, 2018 və 2023-cü illərdə Çin Xalq Respublikasının sədri (dövlət başçısı) seçilib.
Türkiyə ilə Çin arasında diplomatik münasibətlərin təməli 1971-ci ildə qoyulub. 2010-cu ildən əlaqələrin strateji əməkdaşlıq səviyyəsində olduğu bildirilir.
Çindən qaçan uyğurların sayı milyonlarla ölçülür. Mühacir uyğurlar əsasən Mərkəzi Asiya dövlətlərində, Türkiyə və Səudiyyə Ərəbistanında məskunlaşıblar. Pakistan, Almaniya, Niderland, Belçika, Böyük Britaniya, Kanada, ABŞ, İsveçrə, Rusiya və Avstraliyada da xeyli uyğur sığınacaq tapıb.
Mənbələr: Reuters.com, Aa.com.tr, Voaturkce.com, Trtworld.com