2012-ci ildə jurnalist Xədicə İsmayılın Bakıda yaşadığı mənzildə gizli çəkilmiş, şəxsi həyatını əks etdirən videolent yayılmışdı. O, şəxsi həyatın toxunulmazlığının pozulmasından şikayət vermiş, cinayət işi qaldırılmış, ancaq 2015-ci ildə icraat dayandırılmışdı.
Avropa İnsan Hüquqları Məhkəməsi Xədicə İsmayılın Azərbaycan dövlətindən müxtəlif şikayətlərini haqlı sayan qərarlar çıxarıb. Qərarların icrasına nəzarət edən Avropa Şurasının Nazirlər Komitəsi 2022-ci ilin iyun ayında Azərbaycan dövlətini Xədicə İsmayılın məruz qaldığı cinayətlərin istintaqını yeniləməyə, cinayətkarların məsuliyyətə cəlb etməyə çağırıb. Həmin ilin oktyabrında Baş Prokurorluq Xədicə İsmayılın şikayəti əsasında cinayət araşdırmasını bərpa edib.
Hüquqşünas Xalid Ağalıyev yazır ki, dövlət Avropa Şurasının Nazirlər Komitəsinə iş üzrə məlumatlar təqdim edib. Təqdimata görə, Xədicə İsmayılın şəxsi həyatı ilə bağlı materiallar publik sahələrdən silinib, yenilənmiş cinayət işi çərçivəsində bu istintaq-əməliyyat tədbirləri keçirilib:
– Xədicə İsmayılın şəxsi həyatının videolentə alındığı mənzildə xadimə işləmiş şəxs və onun əri şahid qismində dindirilib, onlar mənzildə gizli çəkiliş aparılması və bunu kimin etməsi barədə məlumatsız olduqlarını bildiriblər;
– Yasamal Telefon Qovşağının mənzildə telefon xətti çəkilişində iştirak etmiş 3 əməkdaşı və 3 poçt əməkdaşı dindirilib, telefon qovşağı əməkdaşlarının istifadə etdikləri mobil telefonlar üzrə danışıqlar götürülərək təhlil edilib;
– Xədicə İsmayılın mənzilində olmuş şəxslərin əhatə dairəsinin, videonun yayıldığı internet saytlarının istifadə etdikləri İP ünvanların və faktla bağlı digər halların müəyyən edilməsi məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinə və Daxili İşlər Nazirliyinə tapşırıqlar verilib, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müvafiq sorğular göndərilib.
Məlumata görə, videonun 2011-ci ilin may-sentyabr aylarında çəkildiyi ehtimalı nəzərə alınaraq həmin tarixlərdə mənzilin yerləşdiyi sahə üzrə mobil operatorların bilgilərinin təqdim edilməsi üçün məhkəmə qərarı çıxarılıb.
Təqdimatda qeyd edilir ki, Xədicə İsmayılın şəxsi həyatı ilə bağlı məlumatları kimin ələ keçirdiyini, çəkilişlərin kimin və hansı üsulla apardığını, şəxsi bilgiləri kimin yaydığını müəyyən etmək mümkün olmayıb.
1976-cı il təvəllüdlü Xədicə İsmayıl jurnalist fəaliyyətinə “Günaydın” qəzetində başlayıb, bir sıra KİV-lərdə, o cümlədən “Zerkalo”, “Exo” qəzetlərində, “Amerikanın səsi” radiosunda çalışıb. 2008-ci ildən “Azadlıq” radiosunda işləyib. 2008-2010-cu illərdə radionun Bakı bürosuna rəhbərlik edib. O, 2014-cü il dekabrın 5-dən həbsdə olub. Vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilən jurnalist 2016-cı il mayın 25-də Ali Məhkəmənin qərarı, şərti məhkumluqla azadlığa buraxılıb.
Xədicə İsmayıl hazırda Toplum.tv-də çalışır.