İyulun 26-da Nazirlər Kabineti siyasi partiyaların ianə hesabatı verməsi qaydasını təsdiqləyib. Sənədə görə, siyasi partiyalar ianəni qəbul etdiyi tarixdən 10 gündən gec olmayaraq bu məlumatları Mərkəzi Seçki Komissiyasına təqdim edir: siyasi partiyanın adı, qərargahın yerləşdiyi yer (hüquqi ünvanı), VÖEN-i; siyasi partiyanı təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxsin soyadı, adı, atasının adı, doğulduğu tarix, yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və etibarlılıq müddəti, fərdi identifikasiya nömrəsi (FİN), əlaqə telefon nömrəsi; ianə verən fiziki şəxsin soyadı, adı, atasının adı, doğulduğu tarix, yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və etibarlılıq müddəti, fərdi identifikasiya nömrəsi (FİN), əlaqə telefon nömrəsi; ianənin qəbul edildiyi tarix; ianənin məbləği, əmlak olduğu halda tərkibi, bazar qiyməti ilə müqayisədə imtiyazlı şərtlərlə verilmiş əmlakın (o cümlədən verilmiş borc (kredit) və s.), görülmüş işin və ya göstərilmiş xidmətin dəyərinin onun bazar qiymətindən aşağı olan hissəsi, habelə öhdəliyin zamin tərəfindən icrasına görə, həmçinin borcun bağışlanmasına, müddətin keçməsinə və ya öhdəliyin bilavasitə siyasi partiya tərəfindən icra edilməsi ilə bağlı olmayan digər hallara görə onun xitamı nəticəsində əldə olunan pul vəsaiti və ya digər əmlak (onun dəyəri).
2023-cü il yanvarın 11-də qüvvəyə minən siyasi partiyalar qanunu ianə mexanizmini də tənzimləyir.
Partiya yalnız Azərbaycan vətəndaşından ianə qəbul edə bilər, ianə müqabilində maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə bilməz, belə təkliflə çıxış edə və ya belə vəd verə bilməz. İanə verən şəxsə də eyni qadağa tətbiq olunur.
İanə pul vəsaiti və ya digər əmlak şəklində qəbul edilə bilər.
Şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi minimum əməkhaqqının (indi 345 manatdır) 35 mislindən artıq ola bilməz. Digər əmlak şəklində qəbul edilmiş ianənin dəyəri bazar qiyməti ilə müəyyən edilir.
Siyasi partiya Mərkəzi Seçki Komissiyasına ianə hesabatı təqdim etməlidir. Barəsində məlumat təqdim edilməmiş ianə üzrə bank əməliyyatları və hər hansı digər əməliyyat aparıla bilməz.
Qanunun tələbləri pozulmaqla qəbul edilmiş ianə geri qaytarılmalı, bu mümkün olmadığı halda dövlət büdcəsinə köçürülməlidir.
1992-ci ildə qəbul edilmiş “Siyasi partiyalar haqqında” qanun qurumun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoyurdu. Yeni qanuna görə, qeydiyyat üçün partiyanın azı 5000 üzvü olmalıdır. Dövlət qeydiyyatında olan 59 partiyaya üzvlərinin sayını 5000 nəfərə çatdırmaq, onların reyestrini hazırlayıb təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitib. Yeni tələblə ayaqlaşmağa çətinlik çəkən bir çox partiya ya fəaliyyətini rəsmən dayandırıb, ya da üzvlərinin sayını 5000 min nəfərə çatdıra bilmədiyini açıqlayıb.
Dövlət qeydiyyatına məsul Ədliyyə Nazirliyi iyulun 18-də məlumat yayaraq bildirib ki, quruma 27 siyasi partiya üzvlərinin reyestrini təqdim edib.