“Vaşinqton Post” Rusiyada iyunun 24-də baş vermiş hərbi qiyamdan yeni məlumatlar açıqlayıb. Novator.az bildirir ki, qəzet məlumatları Qərb ölkələrinin xüsusi xidmət orqanları rəsmilərindən aldığını qeyd edib, ancaq hər hansı ad çəkməyib.
İddiaya görə, Rusiya prezidenti Vladimir Putin “Vaqner” özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojinin qiyama hazırlaşdığını əvvəldən, ən azı qiyamdan iki-üç gün qabaq bilib. Bunu dövlət başçısına Rusiyanın xüsusi xidmət orqanları xəbər verib: “Nəticədə bir neçə strateji obyektin, həmçinin Kremlin təhlükəsizliyi gücləndirilib, bu obyektlərdə Prezidentin Təhlükəsizlik Xidməti əməkdaşlarının sayı artırılıb, onlar daha güclü silahlandırılıb. Amma Qərbin kəşfiyyat rəsmilərinin sözlərinə görə, bundan savayı heç bir addım atılmayıb”.
Kəşfiyyat rəsmilərindən biri “Vaşinqton Post”a deyib ki, Putinin təşkilatçıları həbs etdirib qiyamın qarşısını almaq üçün yetərincə vaxtı olub, ancaq o, qətiyyət göstərə, qərar qəbul edə bilməyib, qiyam start götürəndə isə qətiyyətsizlik, qərarsızlıq ən yüksək həddə çatıb, başda prezident olmaqla Rusiya rəhbərliyi özünü tamam itirib, hamı karıxıb, təşvişə düşüb, bir neçə saat ərzində kimsə hadisəyə necə münasibət bəsləməli olduğunu kəsdirə bilməyib, ona görə qiyamçılara qarşı tədbir görülməsi üçün rəsmən heç bir əmr verilməyib.
“Vaşinqton Post” bu məlumatların ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin iyulun 20-də dedikləri ilə üst-üstə düşdüyünü xatırladır. O deyib ki, Rusiya xüsusi xidmət orqanlarının və silahlı qüvvələrinin qərar verən adamları 36 saatlıq qiyamın çox hissəsini eləcə “hadisələrin axınında üzməklə” məşğul olub.
“Vaşinqton Post” yazır: “Əslində bu da Putinin qorxusundan xəbər verir, onun illər uzunu Rusiya xüsusi xidmət orqanlarının dəstəyinə öyrəşmiş bir asi komandirlə üz-üzə gəlməkdən çəkindiyinə dəlalət edir”.
Qəzetin Qərb kəşfiyyatına istinadla bildirdiyinə görə, qiyamın ilk çağlarında ali rəhbərlikdən – Kremldən heç bir əmr verilməməsi yerlərdə məsul şəxsləri qərar qəbul etmək məcburiyyətində qoyub, onlar (qiyamçıların hərəkət etdiyi bölgələrdəki məmurlar, hərbi hissə komandirləri, hüquq mühafizə qurumlarının rəhbərləri) isə heç nəyə qarışmamaq, “Vaqner”çiləri dayandırmağa cəhd göstərməmək qərarına gəliblər.
“Vaşinqton Post” qiyam vaxtı Rusiyanın hərbi-siyasi elitasında bilərəkdən gözləmə mövqeyində durub faktiki Priqojinin qələbəsinə ümid bəsləyənlərin olduğunu da qeyd edir. Eyni zamanda qəzet bəzi dövlətlərin xüsusi xidmət orqanları rəsmilərinin Rusiyada böyük xaosun baş qaldıracağı sarıdan bərk narahatlıq keçirdiyini vurğulayır.
Yevgeni Priqojin 1961-ci ildə Leninqrad (Sankt-Peterburq) şəhərində doğulub. 1979-cu ildə oğurluq ittihamı ilə 2 il şərti iş alıb, 1981-ci ildə oğurluq, soyğunçuluq, dələduzluq, yeniyetməni cinayətə cəlb etmək ittihamları ilə azadlıqdan məhrum edilib. 1990-cı ildə azadlığa çıxan Yevgeni Priqojin xırda biznesə girişib, sonradan böyük mağazalar və restoranlar şəbəkəsi qurub, həmçinin inşaat sahəsində fəaliyyət göstərib.
Yevgeni Priqojin həmyerlisi, Rusiya prezidenti Vladimir Putinin ən yaxın adamlarından sayılıb. Bu yaxınlıq 1990-cı illərin əvvəllərindən, Vladimir Putin Sankt-Peterburq hökuməti sədrinin birinci müavini olandan başlayıb.
2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq Rusiyaya birləşdirən, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində isə işğalçı rejimlər quran Vladimir Putin 2022-ci il fevralın 21-də həmin vilayətləri “müstəqil dövlətlər” kimi tanıyıb, üstəlik, Ukraynada total hərbi müharibəyə başlayıb. Bir neçə aya Rusiya Ukraynanın cənub-şərq bölgəsini ələ keçirib. Sentyabrın 29-da Vladimir Putin Ukraynanın Zaporojye və Xerson vilayətlərini də “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də isə həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini Rusiyaya birləşdirdiyini açıqlayıb.
Rusiya-Ukrayna müharibəsi milyonlarla adamın qaçqın, məcburi köçkün düşməsinə, hər iki tərəfdən on minlərlə adamın həlak olmasına gətirib. Savaşda prezident Putinin arxalandığı əsas qüvvələrdən biri “Vaqner” özəl hərbi birləşməsi olub. İlk dəfə 2014-cü ildə Rusiya Krımı ilhaq edərkən meydana çıxan, Ukrayna ilə yanaşı Asiya və Afrika ölkələrində də müxtəlif hərbi-siyasi layihələrə cəlb olunaraq çoxsaylı cinayətlər törədən “Vaqner”in rəhbəri Yevgeni Priqojindir. Priqojinin himayəçisi Putin “Vaqner”in də himayəçisi sayılıb.
2022-ci ilin sonlarında Yevgeni Priqojinlə Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi arasında münasibətlərin pisləşdiyi açıq müşahidə edilməyə başlanıb. Priqojin vaxtaşırı sosial şəbəkələrdə yaydığı çıxışlarında Rusiyanın rəsmi hərbi komandanlığını, əsas da müdafiə naziri Sergey Şoyqunu kəskin tənqid, hətta təhqir edib. 2023-cü il iyunun 24-nə keçən gecə isə Priqojin Rusiya Müdafiə Nazirliyini “Vaqner”in düşərgəsini raket atəşinə tutmaqda ittiham edərək döyüşçülərini qiyama qaldırıb. “Vaqner”çilər Rusiyanın Rostov və Voronej vilayətlərində bir çox məntəqəni nəzarətə götürüb paytaxt Moskvaya yön alıblar. Rusiya Baş Prokurorluğu Yevgeni Priqojinə hərbi qiyam təşkili ittihamı ilə cinayət işi açıldığını bəyan edib. Prezident Vladimir Putin televiziya ilə xalqa müraciətində “Vaqner”in üsyanını dövlətə xəyanət adlandırıb və sərt tədbirlər görüləcəyini deyib. Axşam Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə aparılan danışıqlarda Priqojinə və döyüşçülərinə verilən təhlükəsizlik vədi nəticəsində “Vaqner” geri çəkilib, cinayət işi ləğv olunub.
İyunun 29-da Vladimir Putin Yevgeni Priqojini və “Vaqner”in bir çox komandirini Kremldə qəbul edərək müzakirələr aparıb.
Mənbə: Washingtonpost.com