Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov, Ceyhun Bayramov, Ararat Mirzoyan iyulun 25-i Moskvada bir araya gəliblər. Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin çözümü, sülh və dövlətlərarası əlaqələrin qurulması planı ətrafında müzakirələr aparılıb.
Xarici İşlər Nazirliyinin rəsmi məlumatına görə, Ceyhun Bayramov Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin bərqərar olunması istiqamətində addımlar atdığını vurğulayıb, Ermənistanın qeyri-qanuni fəaliyyətləri, o cümlədən hərbi təxribatlarını xatırladıb.
Nazir Laçın yolundan hərbi məqsədlər, habelə Azərbaycanın təbii sərvətlərinin qanunsuz daşınması üçün sui-istifadə hallarına qarşı tədbirlərin Azərbaycanın suveren hüququ olduğunu, Laçında dövlət sərhədindən buraxılış məntəqəsinin təsis edilməsinin zəruri tədbir olduğunu diqqətə çatdırıb. O, Azərbaycanda yaşayan ermənilərin reinteqrasiyası tədbirlərinə müdaxilə cəhdlərinə son qoyulmasının, erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasının sülh üçün əsas şərtlər olduğunu qeyd edib.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edib, Yuxarı Qarabağ bölgəsində separatçı rejim qurulub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi də işğalda qalır.
Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əks olunub.