“Hürriyyət” Media Qrupunun rəhbəri Vüqar Məmmədov və Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Elnur Məmmədov tutulublar. Baş Prokurorluğun 24 iyul məlumatında bildirilir ki, Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin apardığı araşdırmada onların “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun tələblərini pozduğu üzə çıxıb. Toplanmış sənədlərin məhkəməyə göndərildiyi, hər iki şəxsə internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ittihamı ilə 1 ay inzibati həbs cəzası kəsildiyi vurğulanır.
“Hürriyyət” Media Qrupuna eyniadlı qəzet, internet televiziyası və Hurriyyet.az saytı daxildir.
Vüqar Məmmədov və Elnur Məmmədovun Baş Prokurorluğa iyulun 24-ü “Hürriyyət TV”də müdafiə naziri Zakir Həsənovu tənqid etmələri ilə əlaqədar dəvət olunduğu, cəza qərarlarını Nərimanov Rayon Məhkəməsinin çıxardığı xəbər verilir.
Polkovnik Elnur Məmmədov Müdafiə Nazirliyinin rəhbərliyi ilə çəkişmələri ilə tanınır. 2022-ci il oktyabrın 6-da o, Müdafiə Nazirliyi rəsmilərindən birinin xüsusi ittiham qaydasında qaldırdığı iddia ilə ağır cinayətdə ittiham etməklə böhtan atmada təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.