AXCP sədri Əli Kərimli iqtisadçı alim, siyasətçi Qubad İbadoğlunun tutulmasını şərh edib. Novator.az-ın məlumatına görə, ittihamları qurama adlandıran siyasətçi qeyd edir ki, Qubad İbadoğlu təkcə Azərbaycanda yox, dünyanın aparıcı universitetlərində də tanınan, qəbul edilən, həmin universitetlərdə dərs deyən iqtisadçı alimdir: “Qubad bəy hakimiyyətin korrupsiya sxemini detallı şəkildə ifşa edən şəxslərdən biridir. Ölkədə siyasətdən az-çox xəbəri olan hər bir şəxs bilir ki, Qubad bəy tənqidi, xüsusilə də korrupsiyanı ifşa edən yazı və çıxışlarına görə həbs olunub. Bu həqiqəti ölkədə hamı bildiyindən hökumətin Qubad bəyə qarşı uydurduğu ittihamlar olduqca saxta və absurd görünür.
Hakimiyyətdəkilər səhvən düşünə bilər ki, əsas rejimi narahat edən şəxsləri həbs etməkdir, yalana xalqın inanıb-inanmaması önəmli deyil. Ancaq böyük səhv edirlər. Xalq heç vaxt ona dövlət adından deyilən həyasız yalanları bağışlamır. Rejimin taleyi barədə qərarı da bir gün gec, bir gün tez xalq verəcək. Xalq qərarını verəndə ədalətli hakim olaraq rejimin əvvəllər verdiyi bütün yalan, böhtan qərarları da, bugünkü şərləmələri də mütləq nəzərə alacaq. Qubad İbadoğluna və bütün siyasi məhbuslara azadlıq!”
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlunu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları iyulun 23-də Sumqayıt-Novxanı yolunda tutub. O, həyat yoldaşı ilə bazarlıqdan Novxanıdakı evinə qayıdırmış. Saat 15-də Qubad İbadoğlu evdə gənclərlə görüş keçirəcəkmiş.
Daxili İşlər Nazirliyi bəyan edib ki, Türkiyə Daxili İşlər Nazirliyinin məlumatı əsasında Azərbaycanda FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib: “Saxlanan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Qubad İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Qubad İbadoğlu saxlanıb”.
ABŞ-da yaşayan islamçı alim Fətullah Gülənə bağlı çevrəyə Türkiyədə FETÖ adı verilib. 2016-cı il iyulun 15-də bir qrup hərbçi Türkiyədə hakimiyyəti ələ almaq təşəbbüsü göstərib. Yüzlərlə adamın həlak olduğu qiyam yatırılıb. Hakimiyyət çevriliş cəhdinin Fətullah Gülənin planı olduğunu iddia edib. Bu iş üzrə minlərlə şəxs həbs olunub.
“Turan”ın məlumatına görə, Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə şübhəli bilinir. Həmin maddəyə əsasən, satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
1971-ci ildə Füzuli rayonunun Aşağı Güzlək kəndində doğulan Qubad İbadoğlu iqtisad elmləri namizədi, London İqtisadiyyat Məktəbinin professorudur.
Azərbaycan Dövlət İqtisad Universitetində və dünyanın bir çox ölkəsinin ali məktəbində dərs deyib, “Ekonomiks” qəzetinə, “Ekspert” jurnalına baş redaktorluq, İqtisadi Tədqiqatlar Mərkəzinə rəhbərlik edib, Müsavat Partiyasının rəhbərliyində təmsil olunub.
2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının varisi olan ADR Partiyasının təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib. Dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə müraciətlər, bu yöndə məhkəmə çəkişmələri fayda verməyib.
Bu il iyulun 12-də məlumat yayan Qubad İbadoğlu bildirib ki. İngiltərə və Uels üçün Xeyriyyə Komissiyası Böyük Britaniyanın paytaxtı Londonda təsis olunmuş Azərbaycan Gənclərinin Təhsil Fondunu qeydiyyata alıb. Qurumu Qubad İbadoğlu, tarixçi alim, müxalif Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli, diplomat Arif Şahmarlı (Məmmədov) yaradıb. Fondun başlıca məqsədinin gənclərin xaricdə təhsil almasına, gənc alimlərin araşdırmalarını beynəlxalq elmi konfranslarda təqdim etməsinə dəstək vermək olduğu bəyan edilib.
1952-ci il təvəllüdlü Cəmil Həsənli tarix elmləri doktorudur. Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini olub. 2000 və 2005-ci illərdə Milli Məclisin deputatı seçilib.
Demokratik Qüvvələrin Milli Şurası 2013-cü ildə yaradılıb. Cəmil Həsənli quruma həmin ilin dekabr ayından sədrlik edir. Şuranın Koordinasiya Mərkəzində bir çox siyasətçi, o cümlədən AXCP sədri Əli Kərimli yer alır.
1964-cü il təvəllüdlü Arif Şahmarlı Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri, Avropa Şurası yanında daimi nümayəndəsi olub. 2015-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı səfiri vəzifəsində çalışarkən Azərbaycan hakimiyyəti ilə toqquşub və istefa verərək müxalifətə keçib.