32 sutkalıq həbs cəzasını başa vuran ictimai fəal Qiyas İbrahimov iyulun 24-də Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı inzibati həbs mərkəzindən buraxılıb.
İyunun 22-də tutulan Qiyas İbrahimov Nizami Rayon Məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs cəzası almış, iyunun 24-də cəza 32 sutkaya qaldırılmışdı. İlk qərar polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq, ikinci qərar internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiya yerləşdirmək ittihamı ilə çıxarılmış, Bakı Apellyasiya Məhkəməsi iyunun 25-də cəzanı qüvvədə saxlamışdı.
Müdafiəçiləri həbsi fəalın sosial şəbəkədə hakimiyyəti sərt tənqid etməsi ilə bağlamış, Qiyas İbrahimov iyunun 23-dən 26-dək quru aclıq aksiyası keçirmişdi.
Qiyas İbrahimov 2016-cı il mayın 10-u Bakıda başqa ictimai fəal Bayram Məmmədovla birgə tutulub. Fəallar külli miqdarda narkotik vasitə saxlamaqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Sonradan Qiyas İbrahimovun cəzası 3 ay artırılıb.
Müdafiəçiləri həbsləri siyasi sifariş sayıb, bildiriblər ki, 2016-cı il mayın 10-na keçən gecə mərhum prezident Heydər Əliyevin Bakının mərkəzindəki abidəsinə etiraz şüarları yazılıb, fəallar bu şüarlara görə tutulublar.
2019-cu il martın 17-də hər iki fəal prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Bayram Məmmədov 2021-ci il mayın 2-si Türkiyənin İstanbul şəhərində həlak olub. Rəsmi versiyaya görə, Bayram Məmmədov parkda gəzişərkən dənizə düşən başmağını götürmək üçün suya girəndə batıb.