AZƏRTAC Şuşa Qlobal Media Forumunun ilk günündən geniş material yayıb.
“4-cü sənaye inqilabı dövründə yeni media” mövzulu forumun açılış mərasimi iyulun 21-də keçirilib. Prezident İlham Əliyev açılış mərasimində sualları cavablandırıb.
Dövlət başçısı deyib ki, torpaqları azad edəndən sonra Azərbaycana qarşı potensial təhlükə görmür: “Birincisi, daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir, ölkənin iqtisadi inkişafı olduqca təsirlidir. Mən rəqəmlərə varmaq istəməzdim, ancaq maraqlansanız görərsiniz ki, Azərbaycanın iqtisadiyyatı özünü təmin edir, biz öz resurslarımızla özümüzü təmin edirik və yaxşı idarəçilik həyata keçiririk.
Keçmişdə bizə olan təhlükə məhz Ermənistan və onun işğalı ilə bağlı idi. Həmin təhlükə 30 il ərzində məhz buradan qaynaqlanırdı və artıq biz bu təhlükənin öhdəsindən gəlmişik. Ancaq, əlbəttə, biz ayıq olmalıyıq, biz keçmişimizi unutmamalıyıq. Biz unutmamalıyıq ki, qonşularımız kürəyimizə bıçaq sancdı və o zaman Azərbaycanda olan xaosdan istifadə edərək ərazilərimizi işğal etdi.
Eyni zamanda biz unutmamalıyıq ki, İkinci Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq bu gün Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır və onlar bunu gizlətmirlər.
Ona görə biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə biz İkinci Qarabağ müharibəsi bitən kimi dərhal yenidən müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq. Mən artıq bunu ictimai şəkildə bəyan etmişəm. Bu gün ordumuz üç il əvvəlki ordudan daha güclüdür. Buna, əlbəttə ki, ehtiyac var. O da bizim tariximizdən qaynaqlanır və biz görürük ki, bu gün beynəlxalq hüquq normaları kobud şəkildə pozulur. Biz görürük ki, beynəlxalq hüquq selektiv tətbiq edilir. Biz uzun illər bu yanaşmaya məruz qalmışıq. Biz səsimizi ucaldırdıq və deyirdik BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, Ermənistan qoşunları dərhal və qeyd-şərtsiz Azərbaycanın ərazisindən çıxarılmalıdır. Ancaq o qətnamələrə riayət edilmirdi və bu gün həmin o tendensiya davam edir. Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür.
Bunu deyərkən, əlbəttə, biz gələcəkdə yarana biləcək təhlükələri istisna etməməliyik, çünki dünya və bizim regionumuz bu gün çətin proqnozlaşdırılır. Ancaq hazırda xaricdən qaynaqlanan təhlükə səviyyəsi o qədər də yüksək deyil. Yəqin bu ona görədir ki, biz həmin təhlükənin öhdəsindən gələ bilirik”.
İlham Əliyev deyib ki, Cənubi Qafqazda inkişaf əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır: “Hazırda bir sıra beynəlxalq təşkilat bizə qarşılıqlı qəbul olunacaq həlli tapmaqda yardım etməyə çalışırlar. Əlbəttə, bu günə kimi gördüklərimiz odur ki, bütün beynəlxalq təşkilatlar başa düşür ki, bu həllər beynəlxalq hüquqa əsaslanmalıdır. İkinci Qarabağ müharibəsi başa çatandan bu günədək təxminən üç il keçib, biz getdikcə daha çox sayda birbaşa bəyanatlar eşidirik ki, Qarabağ Azərbaycanın ərazisidir. İşğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı. Təəssüf ki, uzun illər – 28 il ərzində Minsk qrupu çərçivəsində gedən danışıqlar heç bir nəticə vermədi. Ümumiyyətlə, həll üçün hər hansı düstur ortaya qoyulmadı. O dövrdə çox ziddiyyətli, çox mücərrəd bəyanatlar verilirdi, bundan məqsəd münaqişənin dondurulması idi və bu, Azərbaycan üçün məqbul deyildi. Bəziləri çalışırdılar ki, bu münaqişəni dondursunlar, danışıqları sonsuz etsinlər və ictimai diplomatiya təşəbbüsləri ilə Azərbaycana müəyyən bir əməkdaşlıq təlqin olunsun. Beləliklə, biz Ermənistanla biznes qurmağa, münasibətlərin yaxşılaşmasına məcbur olaq və guya ki, münaqişəni gələcək nəsillər həll etməlidir.
Mən işğal dövründə dəfələrlə ictimaiyyət və beynəlxalq təşkilatlar qarşısında Ermənistana qarşı sanksiyaların tətbiq olunmasının vacibliyini bildirmişəm və bu da sözsüz ki, beynəlxalq təşkilatların bəyannamələrinə və qərarlarına əsaslanırdı. Lakin bu sanksiyalar baş vermədi, bunlar Ermənistana qarşı tətbiq olunmadı. Çünki geosiyasi gündəlik tamamilə fərqli idi.
Odur ki, özümüz bunun öhdəsindən gəlməli olduq. Biz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri döyüş meydanında icra etməli olduq və hazırda vəziyyət dəyişib. Qeyd edim ki, həmin dövrlərdə beynəlxalq aktorların heç biri, yəni bu gün “Qarabağ Azərbaycandır!” deyən beynəlxalq aktorlar heç vaxt bu ifadəni dilə gətirmirdilər. Postsovet məkanındakı digər münaqişələrlə bağlı belə ifadələr istifadə olunurdu. Azərbaycana gəldikdə isə deyirdilər ki, razılığa gəlməlisiniz. Deyirdilər ki, öz müqəddəratını təyinetmə və ərazi bütövlüyünü inteqrasiya etməlisiniz. Onlar bilirdilər ki, bu mümkün deyil, bunun mümkünsüzlüyünü bilirdilər. Beynəlxalq hüququn fundamental prinsipləri var, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi bu prinsiplərdir. Lakin öz müqəddəratının təyin olunması ərazi bütövlüyü prinsipini kölgədə qoymur və nəzərə alsaq ki, Ermənistan artıq müstəqil dövlət kimi mövcuddur.
Lakin hazırda vəziyyət fərqlidir və beynəlxalq vasitəçilər, belə deyim, öz mövqelərini ifadə edirlər və onlar daha real bir nöqteyi-nəzərdən çıxış edirlər. Bilirsiniz, mən dəfələrlə eşitmişəm, xüsusilə işğal dövründə eşitmişəm, deyirdilər ki, Azərbaycan reallığı qəbul etməlidir, daha doğrusu nəzərə almalıdır. Mən deyirəm ki, razıyam. Hazırda hamı yeni reallığı nəzərə almalıdır. Çünki 30 illik işğal dövrünü, dağıntılar dövrünü, həmçinin İkinci Qarabağ müharibəsinin reallıqlarını qəbul etmədən həlli düşünmək mümkün deyil.
Lakin hazırda beynəlxalq vasitəçilərin səyləri kifayət deyil. Hazırda üç beynəlxalq tərəf var ki, bu prosesdə dəstək olurlar – ABŞ, Rusiya və Avropa İttifaqı. Azərbaycan üç istiqamət üzrə tam səmimiyyətlə bu prosesə qatılıb və nəticəyönümlü yanaşma ortaya qoyur. Lakin indiyədək bir nəticə yoxdur. Çünki düşünürəm ki, Ermənistan son addımını atmalıdır. Onlar artıq müharibədən sonra bir sıra addımlar atıblar və mən deməzdim ki, bu addımlar könüllü olaraq atılıb. Son iki il yarım ərzində bir neçə məqam oldu və onlar birbaşa Ermənistana nümayiş etdirdi ki, bizim ərazi bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nə məna daşıdığı onlara kifayət qədər aydındır. Onlar artıq qəbul ediblər ki, Qarabağ Azərbaycandır. Bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir”.
İyulun 23-dək davam edəcək Şuşa forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu, həmçinin 60 yerli media rəhbəri və nümayəndəsi qatılıb.