ABŞ-ın “Wall Street Journal” qəzetində “Rusiyanın taxıl təhdidinə qarşı nə etməli?” başlıqlı redaksiya məqaləsi dərc olunub. Novator.az məqaləni ingiliscədən çevirib təqdim edir.
Prezident Vladimir Putin beynəlxalq aləmin Rusiyaya tətbiq etdiyi sanksiyaların yumşaldılmasını istəyir. Onun dünyanı yenidən ərzaq qıtlığı ilə sınağa çəkmək cəhdinin kökündə bu durur.
İyulun 17-si Rusiya taxıl sazişi adı almış sazişdən çıxdığını bəyan edib. Bu saziş 2022-ci il iyulun 22-də Rusiya və Ukrayna arasında imzalanmışdı. Türkiyə və BMT-nin vasitəçiliyi ilə əldə edilən razılaşma taxıl və digər ərzaq məhsulları daşıyan gəmilərin Qara dənizdə rus blokadasını yararaq Ukrayna limanlarından çıxmasına imkan yaradırdı. Razılaşma Rusiyaya da Qara dəniz vasitəsilə öz ərzaq və gübrə daşımalarını həyata keçirməyə imkan verirdi.
Rusiya sazişdən çıxdığını bəyan edəndən dərhal sonra Ukrayna taxılının ixrac olunduğu Odessa limanına havadan zərbə endirməyə başlayıb.
BMT-nin Dünya Ərzaq Proqramının məlumatına görə, Rusiya 2022-ci ilin fevralında total müharibəyə əl atana qədər Ukraynadakı təsərrüfat müəssisələri 400 milyona yaxın insanı taxılla təmin edib. 2022-ci ilin yayında əldə olunan taxıl sazişi isə müharibə gedə-gedə Ukrayna limanlarından 32 milyon metrik tona yaxın buğda, qarğıdalı və digər məhsulların daşınmasına imkan yaradıb. 45 ölkə Ukraynadan taxıl ala bilib. Bu ölkələr arasında Türkiyə, Misir və Tunis kimi ərzaq malları sürətlə bahalaşan, yüksək inflyasiyadan əziyyət çəkən, o cümlədən Əfqanıstan, Somali, Sudan və Yəmən kimi ərzaq qıtlığı yaşayan ölkələr var.
BMT-nin hesablamasına görə, taxıl sazişi Rusiya-Ukrayna müharibəsi fonunda bahalaşmış ərzaqların qiymətini təxminən 23 faiz aşağı salmağa kömək edib.
Düzdür, Ukrayna bəzi mallarını Avropa istiqamətində quru yolla da daşıya bilər. Lakin bu ixracın həcmi gəmilərin daşıdığına çata bilməz.
Kreml bundan siyasi niyyətlə yararlanır. Putin iddia edir ki, taxıl sazişinin Rusiya ilə bağlı hissəsi yerinə yetirilməyib, saziş faktiki birtərəfli olub və Moskva dəfələrlə bunu diqqətə çatdırsa da, onun tələblərini təmin etmək istiqamətində heç bir tədbir görülməyib.
Ancaq BMT-nin hesablamaları başqa həqiqətdən xəbər verir. Aydın olur ki, Rusiyaya ərzaq və gübrəsini gəmilərlə daşımağa tam şərait yaradılıb. 2022-ci ilin mart-dekabr aylarında Rusiyanın gübrə ixracı 70 faiz artaraq 16,7 milyard dollara çatıb. Rusiyanın xarici ölkələrlə taxıl ticarəti də çox iri miqyasda olub.
Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiyanın taxıl sövdələşməsindən çıxması Kiyevi qorxutmur: “Çalışmaq lazımdır Ukrayna sövdələşmə qüvvədə olan dövrdə Qara dənizdə yararlandığı dəhlizdən Rusiyanın razılığı olmadan da istifadə edə bilsin. Ukrayna Qərbin dəstəyinə layiqdir”.
2022-ci ilin payızında Rusiya taxıl sazişində iştirakını qısa müddətə dayandırmışdı. Amma Ukrayna, Türkiyə və BMT-nin addımları Kremli razılaşmaya qayıtmağa vadar etdi. İndi Kremlin şantajına yenidən sinə gərməyin, onun təhdidlərini yenidən ifşa etməyin vaxtıdır.
Rusiya dövlətə məxsus “Rosselxozbank” bankının SWİFT sisteminə çıxışının bərpa olunmasını istəyir. Ukraynadakı işğalçı müharibəyə görə dünya birliyinin ağır iqtisadi sanksiyaları ilə üzləşmiş Rusiyanın bir çox bankı asan vəsait köçürülməsinə yol açan bu sistemdən çıxarılıb. İndi Rusiyanın SWİFT-ə qayıdışı sanksiyalara ciddi boşluqlar yarada bilər. SWİFT-ə qayıdış baş versə, Putin dünyanın ərzaq ehtiyatlarını girov saxlamaq fəndinin, belə bir şantajın işə yaradığına inanar. Bunun isə sonrası daha pis olar.
Sözsüz, Putin hər şeyə qadirdir, amma o, ərzaq blokadası yaratmaq üçün hərbi gücə əl atsa, böyük risklə üzləşə bilər. Putini buna inandırmaq üçün ABŞ, bütün dünya belə bir ismarış verməlidir ki, silah gücünə ərzaq blokadası yaratmaq istəsə, bir gün gözünü açıb Qara dənizdə yük gəmilərinin hərbi dəniz donanmasının müşayiəti ilə üzdüyünü görəcək.
Mənbə: Wsj.com