Siyasətçi İsa Qəmbər “Amerikanın səsi” radiosuna müsahibəsində 24 iyun hərbi qiyamının Rusiya rejiminin zəifliyini üzə çıxardığını deyib: “Rusiya korrupsioner və avtoritar Vladimir Putin rejiminin fəaliyyəti nəticəsində dərin bir böhrana düşüb. Ölkədə aqressiv repressiyalar, monopoliya və rüşvətxorluq baş alıb gedir, ölkə xaricində isə çox qəddar, avantürist bir siyasət aparılır. Nəticədə Rusiya 15 ildən artıqdır dərin bir böhran içindədir. Ukraynaya qarşı cinayətkar savaş bu böhranı daha da kəskinləşdirdi, Putin rejimini və Rusiya dövlətini zəiflətdi.
“Vaqner” şirkətinin başçısı Yevgeni Priqojinin qiyam cəhdi Rusiyanın zəifliyini tam üzə çıxardı. Moskva özü də, bütün dünya da gördü ki, Rusiya çox zəif dövlətdir. Putin rejimi çox zəifləyib. Bu ölkənin qiyamın qarşısını almaq üçün nə güclü ordusu var, nə də cəmiyyət Putini müdafiə etmək əzmindədir. Putin qətiyyətsiz, qərar qəbul eləməyə çətinlik çəkən bir şəxsə çevrilib. Ona görə də Priqojinin qiyamı faktiki olaraq Putin rejimini ifşa etdi və onun süqutunu sürətləndirdi. Bundan sonra Rusiyadan hər şey gözləmək olar. Bir saray çevrilişi, Priqojinin özünün, yaxud o tipli başqa bir qüvvənin qiyam cəhdi də mümkündür”.
İsa Qəmbərin fikrincə, Rusiya-Ukrayna müharibəsi bir günün içərisində bitə bilər: “Qiyam, saray çevrilişi nəticəsində hətta ən neqativ bir qüvvə də hakimiyyətə gəlsə, Putinin bu cinayətkar savaşından sağ-salamat qurtarmaq üçün müharibəni dayandırmağa qol qoyar. Belə bir hadisə baş verməsə, Ukraynanın hərbi uğurları nəticəsində Putin rejiminin güzəştə getməsi və təxminən Ukraynanın şərtlərinə yaxın bir danışıqla müharibənin bitməsi ehtimalı var. Hətta Rusiyanın müttəfiqi Çinin belə sülh danışıqlarında təklifləri ondan ibarətdir ki, Rusiya bütün işğal etdiyi ərazilərdən çıxsın və sadəcə Krımla bağlı danışıq prosesi başlasın. Əgər Rusiyaya ən yaxın dövlət belə bir təklif verirsə, digər təkliflər, təbii ki, daha sərtdir. Ona görə də mən bu müharibənin sonsuza qədər uzanacağını düşünmürəm. Ən yaxın zamanlarda Ukraynanın hərbi uğurları nəticəsində Putin danışıq masasında güzəştə getməyə məcbur ola bilər.
Müharibə yekunlaşsa və Putin rejiminin məğlubiyyəti rəsmiləşsə, Cənubi Qafqazda da ciddi dəyişikliklərin baş verməsi qaçılmazdır. İlk növbədə Rusiyanın Cənubi Qafqazdakı hərbi qüvvələri bölgəni tərk etməli olacaq. Putin rejiminin zəifləməsi, Ukrayna müharibəsində Rusiyanın məğlubiyyəti Cənubi Qafqazda Rusiyanın təsirini sıfıra yaxınlaşdıra, nəticədə Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi sürətlənə bilər.
Azərbaycan bölgədə əmin-amanlığa qarşı ciddi təhdidlər yaradan Rusiya və İran rejimlərinin qarşısında dayanan qüvvələrdən biridir. Ölkənin bu mənada rolu böyük olacaq. Bir tərəfdən dünyanın bu təhlükələrə qarşı olan qüvvələri ilə birgə olmalıyıq, digər tərəfdən Ermənistanla münasibətləri normallaşdırmaqla Qafqaz evi nəzəriyyəsini gerçəkləşdirməyə yaxınlaşa bilərik”.
Siyasətçi qeyd edib ki, Azərbaycanın milli maraqlarının gerçəkləşdirilməsi naminə üç şərtə əməl edilməlidir: “Birincisi, Azərbaycanda milli birlik əldə olunmalıdır. Bu, konkret məsələlərdən keçir. Azərbaycanda haqq-ədalət, demokratik prinsiplər bərqərar olmalıdır. İqtisadi və siyasi azadlıqlar olmalı, insan haqlarına sayğı göstərilməli, demokratik seçkilər keçirilməlidir. Milli birlik bunlardan keçir.
İkinci şərt Azərbaycanın Türkiyə ilə əməkdaşlığının daha da inkişaf etdirilməsidir. Türkiyə çox önəmli müttəfiqdir.
Üçüncü istiqamət isə Azərbaycanın çağdaş dünya ilə bütövləşməsi xəttidir. Azərbaycan bir çox məsələnin həllində ABŞ və Avropa ilə birlikdə hərəkət etməlidir. Bu həm bölgədə sülhə və əmin-amanlığa xidmət edər, həm də Azərbaycanın milli maraqlarına tam uyğun olar”.
1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindən biridir. 1992-1993-cü illərdə parlamentin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.
1992-2014-cü illərdə Müsavatın başqanı postunu tutan İsa Qəmbər hazırda partiya Məclisinin üzvü, Milli Strateji Düşüncə Mərkəzinin sədridir.