Ədliyyə Nazirliyi AXCP-nin qeydiyyatını yeniləmək müraciətinə cavab göndərib. Novator.az-ın məlumatına görə, partiya sədri Əli Kərimli yazır ki, nazirliyin məktubunda göstərilən “çatışmazlıqlar” qeyri-dəqiq və mücərrəddir: “Əvvəla, nazirliyə təqdim etdiyimiz reyestrdə 5315 AXCP üzvü haqqında bilgilər vardı. Nazirlik 5138 rəqəminə (177 nəfər az) istinad edir, bildirir ki, reyestrə salınmış 2497 nəfər barədə məlumatlar düzgün göstərilmədiyindən dəqiqləşdirilməlidir.
Necə dəqiqləşdirək? Haradan bilək ki, hansı partiya üzvü barədə məlumat “düzgün göstərilməyən” kimi qəbul olunur? Çatışmazlıq nədədir?
Başqa “çatışmazlıqlar” – guya 119 nəfərin başqa partiyaların üzvü olması, 59 şəxs barədə məlumatların təkrarlanması, 609 nəfərin AXCP üzvü olmadığını bildirməsi və digər iradlar da qətiyyən inandırıcı deyil və siyasi mülahizələrlə tərtib olunub. Ədliyyə Nazirliyi AXCP üzvlərinin reyestrində səhv, çatışmazlıq hesab etdiyi məlumatları dəqiq və ünvanlı göstərməlidir”.
1992-ci ildə qəbul edilmiş “Siyasi partiyalar haqqında” qanun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoyub. 2023-cü il yanvarın 11-də qüvvəyə minən yeni qanuna görə, qeydiyyat üçün partiyanın azı 5000 üzvü olmalıdır. Dövlət qeydiyyatında olan partiyalara üzvlərinin sayını 5000 nəfərə çatdırmaq, onların reyestrini hazırlayıb təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitib.
Reyestrdə siyasi partiya üzvünün adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməlidir.
AXCP sədri Əli Kərimli iyulun 9-da 5 min nəfərdən çox partiya üzvünün reyestrinin hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunduğunu bəyan edib.
Dövlət qeydiyyatına məsul Ədliyyə Nazirliyi iyulun 18-də məlumat yayaraq bildirib ki, quruma 27 siyasi partiya üzvlərinin reyestrini təqdim edib: “Reyestrin yoxlanması zamanı onların bəzilərində bir sıra qüsurlar, o cümlədən üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması və başqa qüsurlar müəyyən olunub. Bununla bağlı partiyalara məlumat verilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılmasının zəruriliyi diqqətə çatdırılıb”.
Azərbaycan Xalq Cəbhəsi (AXC) 1989-cu il iyulun 16-da təsis olunub. 1995-ci ildə qurum partiyaya çevrilərək dövlət qeydiyyatına alınıb. 2000-ci ildən AXCP-yə liderlik edən Əli Kərimli 2001-ci ildən partiya sədridir.
İyulun 20-də ictimaiyyətə səslənən Əli Kərimli yazır ki, hakimiyyət AXCP-nin qeydiyyatını ləğv etmək istəyir: “Siyasi partiyalar haqqında” mürtəce qanun ölkədəki real müxalifəti sıradan çıxarmaq niyyəti ilə qəbul olunub. Təşkilatlanmış müxalifətin varlığına dözə bilmirlər. İstəyirlər ki, bunların tək adam hakimiyyətinə, qurduqları korrupsiya piramidasına, zorakılığa heç bir təşkilatlanmış qüvvə etiraz etməsin. Xalqımızı öz zorbalıqları ilə barışdırmaq istəyirlər.
Biz AXCP-ni qoruyub saxlamaq üçün bütün hüquqi vasitələrdən istifadə edəcəyik. Bu da kifayət etməsə, konstitusiyanın bizə verdiyi hüquqların hamısından istifadə, zəruri olan bütün fədakarlığı edəcəyik.
Ölkədə demokratik dəyişikliklərə dəstək verən, hüququn tapdalanmasına etiraz edən, ədalətdən yana olan mübariz insanları bu həlledici məqamda bizimlə çiyin-çiyinə mübarizəyə dəvət edir, partiyamıza üzv olmağa çağırıram”.
Partiyaların 180 günlük möhləti bitdi
Azad Demokratlar Partiyası tarixə qovuşur?
Partiyalar üçün cərimə yenilikləri
Ədliyyə Nazirliyi REAL Partiyasına nə cavab verib?
Ədliyyə Nazirliyindən reyestr açıqlaması