Avropa İnsan Hüquqları Məhkəməsi iyulun 20-də Azərbaycanla bağlı qərardadlar elan edib. Aihmaz.org xəbər verir ki, Azad Həsənov və Əbülfəz Sadıqov şikayətlərində məhkəməyə qədər həbslərinin qanunsuz olduğunu, Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan azadlıq və toxunulmazlıq hüquqlarına müdaxilənin baş verdiyini iddia ediblər. Azərbaycan dövləti pozuntuları etiraf edərək ərizəçilərin hər birinə 3500 avro təzminat ödəməyə boyun olub.
Ramin Əhmədli və başqa üç ərizəçi ictimai aksiyanın təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və ya qeyri-proporsional müdaxilələrdən, bununla bağlı daxili məhkəmə icraatlarının ədalətsizliyindən şikayətçi olublar. Dövlətlə anlaşmaya əsasən, üç nəfərin hər birinə 2850 avro, bir nəfərə 3900 avro təzminat ödənəcək. Abdulla Mahmudov və başqa beş ərizəçi də məhkəməyə eyni şikayətlə üz tutub. Dövlətlə anlaşma ərizəçilərin hər birinə 2850 təzminat ödənməsini nəzərdə tutur.
İmran Əliyev ölkədən çıxışına qadağa qoyulmasından şikayət verib. Anlaşmaya görə, dövlət ərizəçiyə 1500 avro ödəməlidir. Fidan Rüstəmovanın şikayəti də eyni motivli olub. Anlaşmaya görə, ərizəçinin ölkədən çıxışına qadağa ləğv edilməli, ona 6000 avro təzminat verilməlidir.
Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarətə məsuldur. Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.