Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov Ədliyyə Nazirliyinə məktub göndərib. O, partiya üzvlərinin reyestrinə dair iradları konkret göstərməyi xahiş edir.
1992-ci ildə qəbul edilmiş “Siyasi partiyalar haqqında” qanun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoyub. 2023-cü il yanvarın 11-də qüvvəyə minən yeni qanuna görə, qeydiyyat üçün partiyanın azı 5000 üzvü olmalıdır. Dövlət qeydiyyatında olan partiyalara üzvlərinin sayını 5000 nəfərə çatdırmaq, onların reyestrini hazırlayıb təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitib.
Reyestrdə siyasi partiya üzvünün adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməlidir.
Partiyaların dövlət qeydiyyatına məsul Ədliyyə Nazirliyi iyulun 18-də məlumat yayaraq bildirib ki, quruma 27 siyasi partiya üzvlərinin reyestrini təqdim edib: “Reyestrin yoxlanması zamanı onların bəzilərində bir sıra qüsurlar, o cümlədən üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması və başqa qüsurlar müəyyən olunub. Bununla bağlı partiyalara məlumat verilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılmasının zəruriliyi diqqətə çatdırılıb”.
REAL Partiyası üzvlərin reyestrini tərtib edərək iyunun 12-də Ədliyyə Nazirliyinə göndərmiş, sədr İlqar Məmmədov siyahıda 5118 nəfərin adının yer aldığını bəyan etmişdi.
İyulun 17-də REAL-a Ədliyyə Nazirliyindən mənfi cavab daxil olub. Bildirilib ki, siyahıdakı 986 nəfər partiyanın üzvü deyil, 1058 nəfərin telefon nömrəsi yerinə partiyanın ofisinin telefon nömrəsi göstərilib, 2527 nəfərin adı, soyadı və doğum tarixləri dövlət reyestrində təsdiqini tapmayıb, 68 nəfərin adı təkrar göstərilib, 16 nəfər isə vəfat etmiş şəxslərdir. Yalnız 463 nəfər barədə bilgilərə hər hansı irad olmayıb.
Novator.az-ın məlumatına görə, iyulun 18-də Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin rəisinə göndərdiyi məktubda İlqar Məmmədov yazır ki, partiyaya reyestrə dair yalnız ümumi müşahidələrin nəticələri təqdim olunub, çatışmazlıqların detalları bilinmir: “Qanuna görə, reyestrdə aşkar olunmuş çatışmazlıqları 30 gün müddətində aradan qaldırmalıyıq. Xahiş edirəm məlumatlarına və reyestrdə yer almasına iradınız olduğu şəxslərin kimliyini və hər şəxsə dair konkret iradınızı yazılı şəkildə təqdim edəsiniz”.
REAL Partiyası 2018-ci ildə Respublikaçı Alternativ Hərəkatının bazasında yaradılıb, 2020-ci ildə dövlət qeydiyyatına alınıb.