Hüquqşünas, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü, Milli Məclisin 16 saylı Yasamal dairəsindən deputatı Erkin Qədirli 2023-cü ilin payızında referendum keçirilməsini proqnozlaşdırır. O yazır ki, referendumun konstitusiya islahatlarını əhatə etməsi gözlənir: “Tam yeni bir konstitusiya olacaq, yoxsa indikinə dəyişikliklər ediləcək? İndiki konstitusiya bir çox maddəyə əlavə və dəyişiklikləri yasaqlayır. Həmin maddələrə dəyişiklik etmək niyyəti varsa, onda gərək yeni konstitusiya qəbul olunsun. Bu prinsipcə mümkündür, amma indiki konstitusiyaya dəyişikliklər edilməsi ehtimalı daha yüksəkdir.
Nələr dəyişə bilər? Bu suala cavab vermək üçün siyasi elitanın içində olmaq gərəkdir. Belə bir imkanın olmadığı ortamda ancaq güman etmək qalır. Sırf hüquqi arzularla düşünsək, yerli özünüidarəetmə sisteminin islahatı – icra hakimiyyəti başçısı təsisatının ləğvi və bələdiyyələrin böyüdülməsi, gücləndirilməsi; ölkənin inzibati-ərazi bölgüsünün dəyişdirilməsi – böyük ərazi vahidlərinə keçilməsi; seçki sistemində yenilik – parlament seçkisində proporsional sistemin bərpası; Nazirlər Kabinetinin ya real səlahiyyətlərlə parlamentə tabe edilməsi, ya da ləğvi vacibdir”.
Novator.az bildirir ki, dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildən Azərbaycanda 6 referendum keçirilib.
İlk referendumda – 1991-ci il dekabrın 29-da dövlət müstəqilliyi haqqında konstitusiya aktı təsdiqlənib (həmin il avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpası haqqında bəyannaməyə səs verib, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib).
İkinci referendum 1993-ci il avqustun 29-da prezidentə etimadla bağlı olub, Milli Məclisin həmin il iyunun 24-də çıxardığı qərar – Əbülfəz Elçibəyin dövlət başçısı səlahiyyətindən məhrum edilməsi rəsmiləşib.
1995-ci il noyabrın 12-də, parlament seçkisi ilə eyni gündə keçirilmiş üçüncü referendumda Azərbaycan Konstitusiyası qəbul edilib.
Sonrakı üç referendum konstitusiyaya dəyişikliklərə yönəlib.
2002-ci il avqustun 24-də keçirilmiş dördüncü referendumun əsas nəticəsi parlament seçkisində proporsional sistemin ləğvi və baş nazirin ölkənin ikinci ali vəzifəli şəxsi statusuna gətirilməsi olub. Həmin vaxta qədər parlament üzvlərinin beşdə biri partiya siyahıları üzrə seçilir, Milli Məclisin sədri isə prezidentdən sonra ikinci ali vəzifəli şəxs sayılırdı.
2009-cu il martın 18-də keçirilmiş beşinci referendumda Azərbaycan prezidenti seçilməyə məhdudiyyət aradan qaldırılıb. Bu yeniliyə qədər eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq prezident seçilə bilməzdi.
2016-cı il sentyabrın 26-da keçirilmiş altıncı referendumda prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılıb, dövlət başçısı növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq hüququ alıb, vitse-prezidentlik institutu yaradılıb, birinci vitse-prezident ölkənin ikinci ali vəzifəli şəxsi statusuna yiyələnib.