Respublikaçı Alternativ (REAL) Partiyası üzvlərin reyestrini tərtib edərək iyunun 12-də dövlət qeydiyyatına məsul Ədliyyə Nazirliyinə göndərmiş, sədr İlqar Məmmədov siyahıda 5118 nəfərin adının yer aldığını bəyan etmişdi.
1992-ci ildə qəbul edilmiş “Siyasi partiyalar haqqında” qanun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoyurdu. 2023-cü il yanvarın 11-də qüvvəyə minən yeni qanuna görə, qeydiyyat üçün partiyanın azı 5000 üzvü olmalıdır. Dövlət qeydiyyatında olan 59 partiyaya üzvlərinin sayını 5000 nəfərə çatdırmaq, onların reyestrini hazırlayıb təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitib.
Reyestrdə siyasi partiya üzvünün adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməlidir.
İyulun 17-də “Turan”a danışan İlqar Məmmədov REAL-ın Ədliyyə Nazirliyindən mənfi cavab aldığını deyib: “Qeyd olunub ki, siyahıdakı 986 nəfər partiyanın üzvü deyil, 1058 nəfərin telefon nömrəsi yerinə partiyanın ofisinin telefon nömrəsi göstərilib, 2527 nəfərin adı, soyadı və doğum tarixləri dövlət reyestrində təsdiqini tapmayıb, 68 nəfərin adı təkrar göstərilib, 16 nəfər isə vəfat etmiş şəxslərdir. Yalnız 463 nəfər barədə bilgilərə hər hansı irad olmayıb”.
REAL Partiyası 2018-ci ildə Respublikaçı Alternativ Hərəkatının bazasında yaradılıb, 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Qurum Milli Məclisdə 1 deputatla təmsil olunur: Erkin Qədirli.
Novator.az bildirir ki, 5000 üzv tələbi qüvvəyə minəndən sonra 29 partiya fəaliyyətini rəsmən dayandırıb: Aydınlar Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Kommunist Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Tərəqqi Partiyası, Azərbaycan Yüksəliş Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Birlik Partiyası, Cümhuriyyət Xalq Partiyası, Qorqud Partiyası, Milli Demokrat İdrak Partiyası, Milli Həmrəylik Partiyası, Milli Konqres Partiyası, Milli Vəhdət Partiyası, Müstəqil Azərbaycan Partiyası, Müstəqil Xalq Partiyası, Sosial Ədalət Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Vətəndaş Birliyi Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Yeni Yol Partiyası.
Azad Demokratlar Partiyası üzvlərinin sayını 5 minə çatdıra bilmədiyini bəyan edib.
Dövlət qeydiyyatında bu partiyalar da var: Ağ Partiya, Ana Vətən Partiyası, Azad Vətən Partiyası, Azadlıq Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Mübarizləri Partiyası, Azərbaycan Ümid Partiyası, Böyük Azərbaycan Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Ədalət Partiyası, Gələcək Azərbaycan Partiyası, Haqq-Ədalət Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Milli Cəbhə Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Müsavat Partiyası, Respublikaçı Alternativ Partiyası, Vəhdət Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Yeni Azərbaycan Partiyası, Yeni Zaman Partiyası.