Priqojinin ikinci ordusu – “Doyçe Velle”
“Rusiyalı iş adamı Yevgeni Priqojinin ölkənin Müdafiə Nazirliyinə qarşı uğursuz hərbi qiyamından sonra təkcə “Vaqner” özəl hərbi birləşməsinin yox, onun başçılıq etdiyi nəhəng trol fabrikinin də taleyi naməlum qalır”. Novator.az-ın məlumatına görə, Almaniyanın “Doyçe Velle” (“Deutsche Welle”) kanalının internet səhifəsindəki yazıda belə deyilir.
Bildirilir ki, 24 iyun qiyamından bir neçə gün sonra Priqojinin nəzarətində olan “Patriot” Media Holdinqi fəaliyyətini dayandırdığını elan edib. “Patriot”un isə sadəcə media holdinqi, yəni tərkibində media quruluşları, kütləvi informasiya vasitələri cəmləşmiş bir şirkətlər qrupu deyil, həm də trol fabriki olduğu, holdinqin elə trol bazası üzərində əmələ gəldiyi xatırladılır: “Hələ 2013-cü ildə müstəqil jurnalistlər Rusiyanın Sankt-Peterburq şəhərində İnternet Təhqiqatları Agentliyi adlı bir qurum aşkarlayıblar. Bəlli olub ki, bu, internetdə təhqiqat aparan bir agentlik deyil, xalis trol fabrikidir, “işçiləri” sosial şəbəkədə muzdla şərh yazmaqla məşğuldur. Priqojin uzun müddət bu agentliklə əlaqəsini inkar edib. Yalnız 2023-cü ilin fevralında etiraf edib ki, “Rusiyanın informasiya məkanını müdafiə etmək məqsədilə” müəssisə yaradıb.
“Patriot” holdinqinin ən iri media resurslarından olan Federal Xəbər Agentliyinin baş direktoru Yevgeni Zubaryevin sözlərindən belə anlaşılır ki, trol fabriki müstəqil jurnalistlərin İnternet Təhqiqatları Agentliyini aşkarladığı dövrdən dörd il qabaq, 2009-cu ildən fəaliyyət göstərib. İlk muzdlu onlayn mirzələrin işi müxalif siyasətçilərə, o cümlədən hazırda həbsdə olan Aleksey Navalnıya qarşı təbliğat aparmaq olub. 2010-cu ildən isə bu özəl trol ordusu beynəlxalq miqyasda fəaliyyətə keçib”.
“Doyçe Velle”nin məqaləsində beynəlxalq miqyaslı fəaliyyətin həm də 2016-cı ildə ABŞ-da prezident seçkisinə müdaxilədən ibarət olduğuna diqqət çəkilir. ABŞ Ədliyyə Nazirliyinin seçkiyə müdaxiləyə görə Priqojinə, onun trol fabriki funksiyasını yerinə yetirən qurumlarına, eyni zamanda həmin qurumların konkret əməkdaşlarına ittiham irəli sürdüyü xatırladılır.
Məqalədə deyilir ki, ilk dövrlərdə Priqojinin onlayn məkanda yalnız bir neçə muzdlu mirzəsi “döyüşüb”. “Doyçe Velle”nin məlumatına əsasən, onların hər biri sutkada yüzə yaxın şərh yazırmış: “Getdikcə “fabrik” genişlənib. 2023-cü ildə “fabrik” işçilərinin sayı 400 nəfərə çatıb. Onların öhdəlikləri müxtəlif olub: bəzisi sosial şəbəkələr, bəzisi Priqojinin KİV-ləri üçün məqalə yazırmış”.
Bu işə xərclənən pullara gəlincə, “Doyçe Velle” Priqojinin trol fabrikinin aylıq büdcəsinin 100 milyon rubl (başqa sözlə desək, 1 milyon avro, yaxud 1,1 milyon dollar) təşkil etdiyini xəbər verir.
“Patriot” Media Holdinqi, onun tabeliyindəki qurumlar Sankt-Peterburqdakı “Laxta” biznes mərkəzinin binasında yerləşir. Qiyam günü, iyunun 24-də hüquq mühafizə orqanlarının “Laxta”da axtarışlar apardığını xatırladan “Doyçe Velle” kanalı Priqojinin himayəsindəki bir sıra xəbər saytlarının, trol fabrikinə daxil olan sosial şəbəkə hesablarının elə həmin gündən fəaliyyətini dayandırdığını bildirir.
“Doyçe Velle”nin məqaləsində o da qeyd olunur ki, Priqojinin media imperiyasının gələcək taleyi ilə bağlı ziddiyyətli informasiyalar yayılır: “Bir məlumatda “Patriot”u, sosial şəbəkələrdəki trol hesablarını Milli Media Qrupunun nəzarətə götürmək istədiyi deyilir. Milli Media Qrupu Rusiya prezidenti Vladimir Putinin dostu sayılan milyarder Yuri Kovalçukun himayəsindədir. Qrupun Direktorlar Şurasının sədri keçmiş gimnast Alina Kabayevadır. Kabayevanın Putinin qeyri-rəsmi arvadı olduğu haqda şayiələr gəzir. Bir başqa məlumatda isə Priqojinin öz media imperiyasını tamamilə ləğv etmək qərarı verdiyi bildirilir”.
Bütün bunların Rusiyanın Qərbdə apardığı dezinformasiya kampaniyalarına təsiri varmı? 24 iyun qiyamından sonra Rusiya trollarının Qərb ölkələrindəki fəaliyyəti zəifləyibmi? “Doyçe Velle”nin yazdığından belə çıxır ki, yox. Avropada dezinformasiya ilə mübarizə aparan qurumların rəsmiləri, dezinformasiyaların ifşası üzrə ixtisaslaşmış ekspertlər, avropalı sosial şəbəkə fəalları kanala açıqlamalarında deyiblər ki, Rusiya trolları Qərbin internet məkanında həmişəki miqyasda və intensivlikdə fəaliyyət göstərməkdə, Kremlin təbliğatını aparmaqda, uydurmalarını, böhtanlarını yaymaqdadır.
Bəs hazırda Priqojinin trol ordusunu kim idarə edir, kim yönəldir? “Doyçe Velle” bu haqda etibarlı məlumata malik olmadığını qeyd edir. Eyni zamanda kanal belə bir məqama diqqət çəkir ki, Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı sərt çıxışlara başlayandan bir qədər sonra, 2023-cü ilin may ayından torl dəstəsinin əksər üzvü onun da əleyhinə döşəməyə başlayıbmış. “Doyçe Velle” vurğulayır ki, bu, bir çox müşahidəçidə trol fabrikinin qiyamdan ən azı bir ay əvvəl Priqojinin əlindən alındığı qənaətini doğurub.
Yevgeni Priqojin 1961-ci ildə Leninqrad (Sankt-Peterburq) şəhərində doğulub. 1979-cu ildə oğurluq ittihamı ilə 2 il şərti iş alıb, 1981-ci ildə oğurluq, soyğunçuluq, dələduzluq, yeniyetməni cinayətə cəlb etmək ittihamları ilə azadlıqdan məhrum edilib. 1990-cı ildə azadlığa çıxan Yevgeni Priqojin xırda biznesə girişib, sonradan böyük mağazalar və restoranlar şəbəkəsi qurub, həmçinin inşaat sahəsində fəaliyyət göstərib.
Yevgeni Priqojin həmyerlisi, Rusiya prezidenti Vladimir Putinin ən yaxın adamlarından sayılıb. Bu yaxınlıq 1990-cı illərin əvvəllərindən, Vladimir Putin Sankt-Peterburq hökuməti sədrinin birinci müavini olandan başlayıb.
2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq Rusiyaya birləşdirən, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində isə işğalçı rejimlər quran Vladimir Putin 2022-ci il fevralın 21-də həmin vilayətləri “müstəqil dövlətlər” kimi tanıyıb, üstəlik, Ukraynada total hərbi müharibəyə başlayıb. Bir neçə aya Rusiya Ukraynanın cənub-şərq bölgəsini ələ keçirib. Sentyabrın 29-da Vladimir Putin Ukraynanın Zaporojye və Xerson vilayətlərini də “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də isə həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini Rusiyaya birləşdirdiyini açıqlayıb.
Rusiya-Ukrayna müharibəsi milyonlarla adamın qaçqın, məcburi köçkün düşməsinə, hər iki tərəfdən on minlərlə adamın həlak olmasına gətirib. Savaşda prezident Putinin arxalandığı əsas qüvvələrdən biri “Vaqner” özəl hərbi birləşməsi olub. İlk dəfə 2014-cü ildə Rusiya Krımı ilhaq edərkən meydana çıxan, Ukrayna ilə yanaşı Asiya və Afrika ölkələrində də müxtəlif hərbi-siyasi layihələrə cəlb olunaraq çoxsaylı cinayətlər törədən “Vaqner”in rəhbəri Yevgeni Priqojindir. Priqojinin himayəçisi Putin “Vaqner”in də himayəçisi sayılıb.
2022-ci ilin sonlarında Yevgeni Priqojinlə Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi arasında münasibətlərin pisləşdiyi açıq müşahidə edilməyə başlanıb. Priqojin vaxtaşırı sosial şəbəkələrdə yaydığı çıxışlarında Rusiyanın rəsmi hərbi komandanlığını, əsas da müdafiə naziri Sergey Şoyqunu kəskin tənqid, hətta təhqir edib. 2023-cü il iyunun 24-nə keçən gecə isə Priqojin Rusiya Müdafiə Nazirliyini “Vaqner”in düşərgəsini raket atəşinə tutmaqda ittiham edərək döyüşçülərini qiyama qaldırıb. “Vaqner”çilər Rusiyanın Rostov və Voronej vilayətlərində bir çox məntəqəni nəzarətə götürüb paytaxt Moskvaya yön alıblar. Rusiya Baş Prokurorluğu Yevgeni Priqojinə hərbi qiyam təşkili ittihamı ilə cinayət işi açıldığını bəyan edib. Prezident Vladimir Putin televiziya ilə xalqa müraciətində “Vaqner”in üsyanını dövlətə xəyanət adlandırıb və sərt tədbirlər görüləcəyini deyib. Axşam Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə aparılan danışıqlarda Priqojinə və döyüşçülərinə verilən təhlükəsizlik vədi nəticəsində “Vaqner” geri çəkilib, cinayət işi ləğv olunub.
İyunun 29-da Vladimir Putin Yevgeni Priqojini və “Vaqner”in bir çox komandirini Kremldə qəbul edərək müzakirələr aparıb.
Mənbə: Dw.com