Parlamentin 14 iyul iclasında İnzibati Xətalar Məcəlləsində dəyişikliklər son oxunuşda qəbul olunub. Novator.az bildirir ki, layihə siyasi partiyalar haqqında qanunvericiliyin pozulması üzrə cəzaları yeniləyir. Məsələn, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə görə fiziki şəxslərə 700 manatdan 1000 manatadək cərimə düşür.
Siyasi partiyanın fəaliyyətinin dayandırıldığı dövrdə və ya ləğvinin dövlət qeydiyyatına alındığı halda onun hər hansı formada fəaliyyət göstərməsinə, o cümlədən partiya orqanlarının (struktur qurumlarının) və üzvlərinin siyasi partiyanın adından çıxış etməsinə və ya fəaliyyət göstərməsinə, toplantılar keçirməsinə, maliyyə əməliyyatlarının aparılmasına, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştiraka görə fiziki şəxslər 700 yüz manatdan 1000 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək cərimə olunur.
Siyasi partiyanın səlahiyyət müddəti bitmiş orqanlarının (struktur qurumlarının) partiyanın fəaliyyəti ilə əlaqədar hər hansı hərəkətlər etməsinə, o cümlədən qərarlar qəbul etməsinə və ya sənədlər imzalamasına görə fiziki şəxsləri 700 manatdan 1000 manatadək cərimə gözləyir.
Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə məlumatın vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 2000 manatdan 3000 manatadək cərimələnir.
Xətaların təkrar törədilməsinə görə daha ağır cərimələr nəzərdə tutulur.
1992-ci ildə qəbul edilmiş “Siyasi partiyalar haqqında” qanun qurumun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoyurdu. 2023-cü il yanvarın 11-də qüvvəyə minən yeni qanuna görə, qeydiyyat üçün partiyanın azı 5000 üzvü olmalıdır. Dövlət qeydiyyatında olan 59 partiyaya üzvlərinin sayını 5000 nəfərə çatdırmaq, onların reyestrini hazırlayıb təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitib. Yeni tələblə ayaqlaşmağa çətinlik çəkən 29 partiya fəaliyyətini rəsmən dayandırıb: Aydınlar Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Kommunist Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Tərəqqi Partiyası, Azərbaycan Yüksəliş Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Birlik Partiyası, Cümhuriyyət Xalq Partiyası, Qorqud Partiyası, Milli Demokrat İdrak Partiyası, Milli Həmrəylik Partiyası, Milli Konqres Partiyası, Milli Vəhdət Partiyası, Müstəqil Azərbaycan Partiyası, Müstəqil Xalq Partiyası, Sosial Ədalət Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Vətəndaş Birliyi Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Yeni Yol Partiyası.
Azad Demokratlar Partiyası üzvlərinin sayını 5 minə çatdıra bilmədiyini bəyan edib.
Partiyaların dövlət qeydiyyatına Ədliyyə Nazirliyi məsuldur.
Qanuna görə, dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4500-dən aşağı düşdükdə qurum məhkəmə qərarı əsasında ləğv edilə bilər. Partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir.