İyulun 14-də Milli Məclisin növbədənkənar sessiyası başa çatıb. Son iclasda bir çox qanun layihəsi son oxunuşda qəbul edilib.
Novator.az bildirir ki, “Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişikliklərin biri Ali Məhkəmənin qərarları üzrə işlərə baxılmasını məhdudlaşdırır.
Azərbaycan Konstitusiyasına görə, Konstitusiya Məhkəməsinin Ali Məhkəmənin qərarlarının konstitusiyaya və qanunlara uyğunluğunu yoxlamaq səlahiyyəti də var. “Konstitusiya Məhkəməsi haqqında” qanuna təklif olunan yeniliyə əsasən, insan hüquqları üzrə müvəkkilin (ombudsmanın) bu məsələyə dair sorğusuna sorğu verilən qərarın konstitusiyaya və ya qanunlara uyğun olmayan normativ hüquqi akta əsaslandığı hallarda yol verilir. Paralel təklifə görə, Konstitusiya Məhkəməsi belə şikayətə şikayət edilən qərarın konstitusiyaya və ya qanunlara uyğun olmayan normativ hüquqi akta əsaslandığı hallarda baxa bilər.
“Dərman vasitələri haqqında” qanunda dəyişikliklər layihəsi ölkədə dövlət qeydiyyatına alınmış dərman vasitələri, dərman maddələri və tibb vasitələri barədə məlumatlardan ibarət informasiya sistemi qurulmasını nəzərdə tutur, bir çox anlayış, o cümlədən dərman vasitəsinin dövlət qeydiyyatı, resept anlayışları yeni redaksiyada verilir.
Əsas yeniliklərdən biri dərman vasitələrinin idxalını sərtləşdirir. Reseptə yazılan, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrini pasiyentin sifarişi əsasında topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yalnız reseptdə yazılan miqdarda ölkəyə gətirə bilərlər. Həmin dərman vasitələrinin resept yazılan şəxs istisna olmaqla ölkə ərazisində satışı qadağandır.
Qanunun 2023-cü il noyabrın 1-dən qismən, 2024-cü il yanvarın 1-dən tam qüvvəyə minməsi planlaşdırılır.
“Dövlət satınalmaları haqqında” qanun layihəsinə görə, satınalma bir çox mərhələdən, o cümlədən satınalma planının hazırlanması və ehtimal olunan qiymətin müəyyənləşdirilməsi; satınalma komissiyasının formalaşdırılması; şərtlər toplusunun hazırlanması; təkliflərin cəlb edilməsi barədə elan verilməsi (dəvət göndərilməsi); təkliflərin qəbulu və açılması; təkliflərin qiymətləndirilməsi; satınalmanın nəticələri haqqında yekun protokolun hazırlanması və təsdiq olunması məqsədilə nəzarət orqanına təqdim edilməsi kimi mərhələlərdən keçməlidir.
Satınalma metodları layihədə belə sıralanır: açıq tender, ikimərhələli tender, qapalı tender, kotirovka sorğusu və bir mənbədən satınalma.
Qanunun dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minməsi nəzərdə tutulur.