Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasının 34 ili tamam olur.
Novator.az bildirir ki, AXC 1989-cu il iyulun 16-sı Bakıda təsis olunub, Əbülfəz Elçibəy sədr, Canbaxış Umudov, Etibar Məmmədov, Ələkrəm Hümmətov, Hikmət Hacızadə, İsa Qəmbər, Leyla Yunus, Nemət Pənahlı, Nəcəf Nəcəfov, Pənah Hüseyn, Rəhim Qazıyev, Sabit Bağırov, Sülhəddin Əkbər, Tofiq Qasımov, Yusif Səmədoğlu, Zərdüşt Əlizadə İdarə Heyətinin üzvləri seçiliblər.
1990-cı il yanvarın 8-də İdarə Heyətinin tərkibi qismən yenilənib: Arif Paşa, Dilarə Əliyeva, Etibar Məmmədov, Əlikram Əliyev, Firudin Səməndərov, Hikmət Hacızadə, İsa Qəmbər, Pənah Hüseyn, Rəhim Qazıyev, Sabir Rüstəmxanlı, Sabit Bağırov, Tofiq Qasımov, Yusif Səmədoğlu, Vurğun Əyyub.
1991-ci ildə İdarə Heyəti institutu ləğv edilib, İcraiyyə Komitəsi yaradılıb. Bu qurumun sədri postunu ardıcıllıqla Pənah Hüseyn, Tofiq Seyidov, Fərəc Quliyev, İbrahim İbrahimli tutublar.
AXC Ali Məclisinə bu şəxslər sədrlik edib: Tamerlan Qarayev, Arif Hacılı, Qulamhüseyn Əlibəyli.
AXC 1992-1993-cü illərdə hakimiyyətdə olub. Sədr Əbülfəz Elçibəy prezident, qurumun ilk liderlərindən İsa Qəmbər parlament sədri, Tamerlan Qarayev parlament sədrinin birinci müavini, Pənah Hüseyn əvvəl dövlət katibi, sonra baş nazir, Tofiq Qasımov xarici işlər naziri, Rəhim Qazıyev baş nazirin birinci müavini-müdafiə naziri, Sabir Rüstəmxanlı mətbuat və informasiya naziri, Arif Hacılı dövlət müşaviri, Vurğun Əyyub Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri, Sülhəddin Əkbər milli təhlükəsizlik nazirinin birinci müavini, Hikmət Hacızadə Azərbaycanın Rusiyada səfiri, Sabit Bağırov Dövlət Neft Şirkətinin prezidenti, Firudin Səməndərov BDU-nun rektoru postlarını tutublar.
1991 və 1992-ci illərdə iki qurultay keçirən AXC 1995-ci ildəki 3-cü qurultayda partiyaya çevrilib. Həmin qurultay AXCP-nin ilk qurultayı sayılıb.
1-ci (4-cü) və 2-ci (5-ci) qurultaylarda Əbülfəz Elçibəy partiya sədri seçilib.
2000-ci ildən AXCP-yə liderlik edən Əli Kərimli 2001-ci ildən başlayaraq beş qurultayda partiya sədri postuna mandat alıb.
Xalq hərəkatının öncül şəxslərindən olan Əli Kərimli Əbülfəz Elçibəyin prezidentliyi zamanı əvvəl Prezident Aparatının şöbə müdiri, sonra dövlət katibi vəzifələrində çalışıb.
AXC rəhbərliyində təmsil olunmuş şəxslərin 11-i dünyasını dəyişib. Dilarə Əliyeva 1991-ci ildə avtomobil qəzasında həlak olub, Yusif Səmədoğlu 1998-ci, Nəcəf Nəcəfov 1999-cu, Əbülfəz Elçibəy 2000-ci, Əlikram Əliyev 2011-ci, Vurğun Əyyub, Firudin Səməndərov 2019-cu, Tofiq Qasımov, Hikmət Hacızadə 2020-ci, İbrahim İbrahimli 2021-ci, Ələkrəm Hümmətov 2022-ci ildə vəfat edib.