İyulun 14-də Belçikanın paytaxtı Brüsselə səfər edən prezident İlham Əliyev Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə görüşüb. Xəbəri AZƏRTAC yayıb.
Brüssel iyulun 15-də İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Şarl Mişelin üçtərəfli görüşünə ev sahibliyi edəcək. Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin dinc çözümünün müzakirə olunacağı bildirilir.
2021-ci ildə eyni formatlı bir, 2022-ci ildə dörd, 2023-cü ildə iki görüş keçirilib.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edib, Yuxarı Qarabağ bölgəsində separatçı rejim qurulub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi də işğalda qalır.
Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əks olunub.