Dövlət Gömrük Komitəsi 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycandan 7,8 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunduğunu açıqlayıb. Novator.az bildirir ki, ixrac ünvanları statistik dəyərə görə belə sıralanıb: İtaliya, İspaniya, İsrail, Hindistan, Türkiyə, Çexiya, Almaniya, İrlandiya, Yunanıstan, Rumıniya, Xorvatiya, Avstriya, Fransa, İndoneziya, Sinqapur, Vyetnam, Portuqaliya, Tailand.
İyulun 14-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 84,49 dollara satılır.
2023-cü ilin yenilənmiş dövlət büdcəsində bir barrel neft 60 dollardan hesablanır. “AzəriLayt” yanvara 87,99, fevrala 87,53, marta 85,01, aprelə 81,88, maya 79,04, iyuna 75,05, iyula 78,85 dollarla başlayıb.
Yanvar-iyun aylarında ölkədə kondensatla birgə 15,2 milyon ton neft hasil edilib.
Gündəlik xam neft hasilatı yanvarda 533 min barrel, fevralda 531 min barrel, martda 515 min barrel, apreldə 512 barrel, may və iyunda 500 min barrel göstərilib.
Beynəlxalq razılaşma 2023-cü il üçün gündəlik hasilat həddini 684 min barrel, 2024-cü il üçün 551 min barrel müəyyən edib.