Yerevan Şəhər Şurasına seçki sentyabrın 17-nə təyin olunub. Novator.az-ın məlumatına görə, qərar Ermənistan hökumətinin 13 iyul iclasında verilib.
Proporsional üsulla seçilən Yerevan Şəhər Şurası 65 nəfərdən ibarətdir. 2018-ci il sentyabrın 23-də keçirilmiş seçkini baş nazir Nikol Paşinyanın dəstəklədiyi “Mənim addımım” bloku udub, blokun namizədlərinin siyahısında birinci olan Ayk Marutyan mer postunu tutub.
2021-ci il dekabrın 22-də Yerevan Şəhər Şurası Ayk Marutyanı mer postundan uzaqlaşdırıb, həmin vəzifəyə Qraçya Sərkisyanı seçib. 2023-cü il martın 17-də Qraçya Sərkisyan istefa verib, merin səlahiyyətləri birinci müavin Levon Oqanesyana keçib.
Vətəndaş Sazişi Partiyasının sədri olan Nikol Paşinyan baş nazir postuna 2018-ci il mayın 8-də xalq hərəkatı dalğasında gəlib.
2018-ci il dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində Nikol Paşinyanın “Mənim addımım” bloku qələbə qazanaraq təkbaşına hökumət qurub.
2021-ci il iyunun 20-də keçirilmiş daha bir növbədənkənar parlament seçkisini Vətəndaş Sazişi Partiyası udaraq hökumət qurmaq hüququ əldə edib.