İyulun 15-i Belçikanın paytaxtı Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin üçtərəfli görüşü keçiriləcək. Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin dinc çözümünün müzakirə olunacağı bildirilir.
Eyni formatlı əvvəlki görüşlərə 2021-ci il dekabrın 14-ü, 2022-ci il aprelin 6-sı, mayın 22-si, avqustun 31-də Brüssel, oktyabrın 6-da Çexiyanın paytaxtı Praqa, 2023-cü il mayın 14-də Brüssel ev sahibliyi edib. Üçlük iyunun 1-i Moldovanın paytaxtı Kişinyovda da bir araya gəlib, sonra müzakirələr Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə davam edib.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edib, Yuxarı Qarabağ bölgəsində separatçı rejim qurulub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi də işğalda qalır.
Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əks olunub.