Dünya mediasından
- 12 İyul 2023
- comments
- Novator.az
- Posted in Dünyanın səsiXəbər
Rusiyalıların Yevgeni Priqojinə münasibəti necədir? “Nyu-York Tayms” qəzeti ictimai rəy sorğularına əsaslanaraq bu suala cavab axtarıb. Qəzet yazır ki, Moskvada yerləşən, qərəzsiz tədqiqatları ilə tanınan “Russian Field” şirkəti 2023-cü ilin fevralından “Vaqner” özəl hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojinin də reytinqini ölçməyə başlayıbmış. “Vaqner”in iyunun 24-də qaldırdığı hərbi qiyama qədər şirkət bu məqsədlə Rusiyanın müxtəlif subyektlərində, hər dəfə yaşı 18-dən yuxarı 1600 nəfər arasında iki sorğu keçiribmiş. İlk sorğu 30 yanvar-6 fevral aralığında olub. Respondentlərin 41 faizinin Priqojinə rəğbət bəslədiyi aydınlaşıb. İkinci sorğu qiyamdan bir neçə gün əvvələ – iyunun 16-19-na düşüb. Respondentlərin 55 faizi Priqojinə rəğbət bəslədiyini söyləyib. Qiyamdan sonra, iyunun 26-30-da “Russian Field” Priqojinlə əlaqədar daha bir sorğu keçirib. Priqojinə rəğbət bəslədiyini deyənlərin sayı 29 faiz olub. “Nyu-York Tayms” yazır ki, baş tutmamış qiyam Priqojinin reytinqini az müddətdə xeyli aşağı salıb: “Ancaq iyunun 24-ü qiyamçıların bir neçə rus hərbi pilotunu öldürdüyünü, ölkə siyasilərinin, hərbi liderlərin qiyama dəstək vermədiyini, Kremlin Priqojini gözdən salmaq üçün geniş miqyasda iş apardığını nəzərə alsaq, əhalinin 29 faizinin hələ də “Vaqner” rəhbərinə rəğbət bəsləməsi heyrətamiz göstəricidir”.
“Rusiya-Ukrayna müharibəsində yenidən nüvə təhlükəsi baş qaldırıb”. “Bloomberg” agentliyinin yaydığı “Ukraynanın başı üstündə Putinin nüvə buludları dolaşır” adlı məqalədə belə deyilir. Bildirilir ki, Ukrayna rəsmiləri Rusiyanın Avropa məkanında ən böyük atom elektrik stansiyası olan Zaporojye stansiyasında partlayış planlaşdırdığı və bunu Kiyevin boynuna yıxmaq niyyətində olduğu barədə durmadan xəbərdarlıq edir: “Zaporojye Atom Elektrik Stansiyası Rusiyanın işğalı altındadır. Eynilə Kaxovka Su Elektrik Stansiyası kimi. 2023-cü ilin iyun ayında Ukrayna işğal edilmiş ərazilərini geri qaytarmaq məqsədilə cəbhə boyu əks-hücum əməliyyatına başladı andaca Kaxovka stansiyasının nəhəng bəndi dağıldı”. Daha sonra xatırladılır ki, NATO-nun Ukraynanı alyansa yaxınlaşdırmaq səyləri Kremlə bağlı şərhçiləri bərk qıcıqlandırır: “Onların bəzisi yenidən Rusiyanın müharibədə qalib gəlmək əzmini nümayiş etdirmək, Ukraynanı taktiki nüvə silahı ilə vurmaq məsələsini qaldırıb”. Eyni zamanda vurğulanır ki, “Vaqner” özəl hərbi birləşməsinin iyunun 24-də Rusiya Müdafiə Nazirliyinə qarşı qaldırdığı qiyam ayrı-ayrı dövlətlərdə Rusiyada sabitliyin daha ciddi şəkildə pozula biləcəyi, bunun isə Moskvanın müharibə strategiyasına təsir göstərəcəyi sarıdan narahatlıq yaranıb: “Çünki Rusiya dünyada ən iri nüvə arsenalı olan bir ölkədir. İyunda Vladimir Putinin Belarusda taktiki nüvə silahları yerləşdirdiyi, buna görə NATO ilə Moskva arasında gərginliyin artdığı da diqqətdən yayınmamalıdır”.
“Vaşinqton Post” qəzetində “Rusiya hərbi cinayətlərinə görə məsuliyyətə cəlb edilməlidir” başlıqlı redaksiya məqaləsi dərc olunub. Məqalədə deyilir ki, Rusiyanın Ukraynada yol verdiyi cinayətlərin miqyası ağlasığmazdır. Cinayətlər mülki infrastrukturun kütləvi dağıdılmasından tutmuş (xüsusilə 2022-ci ilin payızından elektrik stansiyalarına endirilən zərbələri, 2023-cü ilin iyununda Kaxovka Su Elektrik Stansiyasının partladılmasını yada salın) dinc əhalinin durmadan təcavüzə məruz qalmasınadək mülki həyatın bütün sahələrini əhatə edir. Bunların hamısı – istər dinc əhaliyə qarşı zorakılıq, istərsə mülki infrastruktura ziyan vurulması – beynəlxalq hüquqla yasaqdır. Məqalədə xatırladılır ki, 2023-cü il martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib. Səbəb yüzlərlə ukraynalı uşağın oğurlanıb Rusiyaya aparılmasıdır. İttiham aktına əsasən, bu hərbi cinayət Putinin göstərişi ilə törədilib: “Əslində, Putinin və onun ətrafına yığdığı dəstənin cinayətləri daha böyükdür: onlar müharibəyə başlayıblar! Bütün sonrakı vəhşiliklər isə məhz müharibə qərarının nəticəsidir. Putin və dəstəsi İkinci Dünya müharibəsindən sonra Nürnberq prosesinə çəkilən nasist hərbi canilər kimi təcavüzkarlıq cinayətində mühakimə olunmalıdır. Kremldəkilərə toxunmadan, yalnız ayrı-ayrı əsgər və zabitləri məhkəmə qarşısına çıxarmaqla ədalət mühakiməsi qurmaq mümkün deyil. Avropa hökumətləri, son zamanlar həmçinin ABŞ prezidenti Cozef Baydenin administrasiyası bu yanaşmanı dəstəkləyir. Ancaq planın hansı tribunal vasitəsilə həyata keçiriləcəyi hələ dəqiqləşməlidir. Həmin tribunalın üzərinə Putini və onun əlaltılarını da mühakimə etmək məsuliyyəti düşür. Bunun isə mexanizmi razılaşdırılmalıdır, mühakimə lap qiyabi şəkildə də olsa aparılmalıdır. Rusiya liderini ən böyük cinayətinə – bunca şəhəri, qəsəbəni, kəndi viran qoyan, bunca insan ömrünü məhv edən əsassız müharibəyə qərar verdiyinə görə məsuliyyətə cəlb etməyin vaxtıdır”.
Qlobal Dezinformasiya İndeksi (The Global Disinformation İndex) təşkilatı Rusiyanın Almaniyada apardığı dezinformasiya kampaniyası haqda hesabat hazırlayıb. Hesabatda bildirilir ki, Rusiyanın Almaniyada yaydığı uydurma məlumatlar cəmiyyəti parçalamağa, Qərb institutlarına inamsızlıq aşılamağa, Ukraynaya yardımla bağlı vahid mövqeni sarsıtmağa hesablanıb. Qlobal Dezinformasiya İndeksinin apardığı monitorinq göstərib ki, Kremlin sifarişi ilə almandilli auditoriyada ukraynalılar yolunu azmış rusofoblar kimi təqdim edilir. Elə qələmə verilir ki, guya Moskva Kiyevə hücum çəkməyə məcbur olub, çünki Ukraynada rusdilli əhaliyə qarşı soyqırımı törədilirmiş, Kiyev “rus dünyasını” məhv etmək istəyirmiş. Kremlin idarə etdiyi dezinformasiya kampaniyasında Ukraynanın bioloji silah, yaxud “çirkli bomba” hazırlaması, Kiyevin Avropanı nüvə partlayışı ilə üz-üzə qoyması iddiaları da yer alır. Kreml Qərbin müharibədən, daha dəqiqi, silah satışından külli miqdarda qazanc götürdüyünü, ona görə Ukrayna ilə sülh danışıqlarını uzatmağa çalışdığını da təbliğ edir: “Almaniyada ABŞ-ın Ukraynada bioloji laboratoriyalar qurub mülki əhali və əsgərlər üzərində müxtəlif eksperimentlər aparması, humanitar yardım təşkilatlarının uşaq alverini ört-basdır etməsi kimi fərziyyələr də geniş yayılmaqdadır”.
Çin hakimiyyəti ölkədə etnik-dini azlıq olan müsəlman uyğur icmasına qarşı apardığı soyqırımı unutdurmağa çalışır. “Vaşinqton Post” qəzetində dərc olunmuş “Çinin uyğur soyqırımını unutdurmaq cəhdi ilə necə mübarizə aparmalı?” başlıqlı məqalədə belə deyilir. Bildirilir ki, on ilə yaxındır Çində 11 milyon nəfərlik müsəlman uyğur icmasına qarşı soyqırımı siyasəti yürüdülür. Qeyd olunur ki, cinayətlərin tüğyan etdiyi 2017-2019-cu illərlə müqayisədə indi repressiyalar bir qədər səngimiş görünür: “Ancaq uyğurların müsibəti davam edir və biz bilmirik bu zillət nə zaman bitəcək, ümumiyyətlə bitəcəkmi? Bildiyimiz odur ki, Çində soyqırımı baş verib”. Məqalədə vurğulanır ki, ola bilsin, Çin doğrudan da 2010-cu illərdəki sayaq amansız, kütləvi soyqırımı siyasətindən geri çəkilib, ancaq bu, həmin cinayətləri yaddan çıxarmağa əsas vermir: “Pekin uyğurlarla necə davrandığını unutdurmağa çalışır, buna müqavimət göstərilməlidir. Çünki söhbət insan hüquqlarını pozduğuna görə imici ləkələnmiş və bu ləkəni yuya biləcək bir hökumətdən getmir. Vəziyyət başqadır. Çin Kommunist Partiyası ölkədə sərt leninizm xəttini qorumaq, eyni zamanda bu zay ideologiyanı bütün dünyaya yaymaq üçün hər şeyə getməyə hazır əlahiddə bir şər qüvvədir”. Məqalədə daha sonra belə bir məsələyə diqqət yönəldilir ki, Amerikada nəinki sadə vətəndaşlar, hətta Respublikaçılar Partiyasından prezidentliyə iddia edən siyasətçilər arasında da bu şərin əməllərindən xəbərsiz olanlar var. Ona görə məqalədə təklif olunur ki, Respublikaçılar Partiyası prezidentliyə iddia edən üzvlərinin debatlarını keçirməyə başlayanda debatlardan birinin mövzusu bütünlüklə Çin Kommunist Partiyasına, onun öz xalqına qarşı yol verdiyi cinayətlərə və dünyaya yaratdığı təhlükəyə həsr edilsin.
2021-ci ilin iyul ayından ötən iki il ərzində İranda azı 165 qadını ailə üzvü öldürüb. Qadınlardan 108-ni əri, 17-ni qardaşı, 13-nü atası, 9-nu oğlu, 18-ni isə başqa yaxın kişi qohumu qətlə yetirib. 43 qadın odlu silahla, 40 qadın bıçaqla öldürülüb. 35 qadını boğaraq, 6 qadını yandıraraq, 4 qadını çəkic zərbəsi ilə öldürüblər. Qadınlardan bəzisini hündürlükdən yerə atmaqla, daşqalaq etməklə qətlə yetiriblər. 165 qətldən 87-si ailə münaqişəsi, 38-i namus ləkəsi, 10-u maddi problemlə izah olunub. 30 qətlin motivi aydın izah edilmədiyinə görə qaranlıq qalıb. Böyük Britaniyanın “Middle East Eye” saytı bu statistikanı İranın “Şərq” qəzetindən götürüb. Təqdim olunan rəqəm o deməkdir ki, İranda orta hesabla hər dörd gündə bir qadın qətlə yetirilir. “Middle East Eye” yazır ki, geniş yayılmış təsəvvürün əksinə olaraq qadın qətllərinin heç də hamısı əyalətlərdə – kənd yerlərində, ucqar yaşayış məntəqələrində baş verməyib. 41 qətl paytaxt Tehranda və ona yaxın bölgələrdə törədilib. Ekspertlər İranda ailə üzvlərinin əlində ölən qadınların sayının “Şərq” qəzetində göstəriləndən daha artıq olduğuna əmindirlər. Elə “Şərq” də materialı dərc edərkən vurğulayıb ki, statistikaya ailə-məişət münaqişəsi üzündən, yaxud erkən nikaha məcbur edildiyindən intihar yolunu seçmiş xanımlar daxil deyil.
Böyük Britaniyanın paytaxtı Londonda mənzillərin kirayə haqqının artmasından ən çox qadınlar əziyyət çəkir. “Bloomberg” agentliyinin yazdığına görə, hazırda Londonda mənzil kirayələyəndən sonra normal yaşaya bilməkdən ötrü orta maaşlı bir qadın qazancını heç olmasa iki dəfə artırmalıdır. Çünki indiki kirayə haqqının həcmi Londonda tam ştat cədvəli üzrə işləyən bir qadının maaşının üçdə ikisi qədərdir. Halbuki kirayə haqqı gəlirin yalnız 30 faizini və ya daha az hissəsini təşkil etdiyi halda normal sayıla bilər. “Bloomberg” yazır ki, mənzil kirayəsinin qiymətləri tək Londonda deyil, Böyük Britaniyanın hər yerində qadınları sıxır: “Unutmaq olmaz ki, qadınlar əməkhaqqı məsələsində gender ayrı-seçkiliyindən əziyyət çəkən təbəqədir, kişilərlə müqayisədə daha az maaş alırlar. Üstəlik, gördükləri işin xüsusiyyətinə görə də onların gəliri istər-istəməz kişilərdən az olur. Hazırda Böyük Britaniyada kirayə haqqı orta hesabla qadınların maaşının yarısını, kişilərin aylıq qazancının isə 40 faizə qədərini aparır. Paytaxt Londonda bu fərq daha böyükdür”. “Bloomberg” bildirir ki, Britaniyada mənzil kirayəsinin qiymətləri ilə qadınların aylıq qazancı arasında tarazlıq çoxdan mövcud deyil: “Son on ildə Şotlandiyanı (XVIII əsrdən İngiltərə ilə ittifaqda olan Şotlandiya 1997-ci ildən muxtar ərazidir) və İngiltərənin şimal-şərqini çıxmaqla ölkənin elə bir bölgəsi yoxdur ki, orada mənzil kirayəsinin haqqı qadınların gəlirinin 30 faizindən aşağı olsun. Böyük Britaniyada mənzil bazarındakı problemlər ölkənin mərkəzi bankına (İngiltərə Bankı) inflyasiyanı nəzarət altına almaqda çətinliklər yaradır və təbii ki, hökumət üçün əlavə başağrısı törədir”.