AZƏRTAC prezident İlham Əliyevin 2023-cü ilin ilk yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş 11 iyul müşavirəsindəki çıxışının mətnini yayıb. Dövlət başçısı deyib ki, altı ay ərzində ölkə iqtisadiyyatı inkişaf edib: “Mütləq rəqəmlər o qədər də böyük deyil, ancaq qeyri-neft sektorumuz və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıb. Qeyri-neft sənayemizdə 6,5 faiz, ümumilikdə qeyri-neft sektorunda 3 faizdən çox artım var.
Maliyyə vəziyyətimiz böyük dərəcədə yaxşılaşıb. Bu sektorda nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi imkan verdi ki, ilin ortasında büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq. Bu, çox sevindirici haldır, çünki proqnozlardan xeyli dərəcədə böyük vəsait toplanıb. Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur. Bu bizə imkan verir ki, ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və hərbi gücümüzü artıraq”.
Xarici dövlət borcundan söz açan prezident deyib: “Bir neçə il bundan əvvəl qarşıya hədəf qoymuşduq ki, xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun 10 faizinin altında olsun. Biz artıq bu hədəfə də çatdıq. Mütləq rəqəmlərdə bizim borcumuz cəmi 6,7 milyard dollardır və bu da ümumi daxili məhsulumuzun təxminən 10 faizini təşkil edir. Əlbəttə ki, ümumi daxili məhsulumuzun son rəqəmləri ilin sonunda hesablanacaq. Ancaq indi də proqnoz vermək mümkündür. Birinci altı ayda ümumi daxili məhsul 60 milyard manatdan çox təşkil edib.
İnflyasiyanın ikirəqəmli olması bizi düşündürməlidir. Ümid edirəm ki, ilin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər. Burada təbii səbəblərlə yanaşı subyektiv səbəblər də var. Onlar daha ciddi araşdırılmalıdır və ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verilməlidir. Çünki Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsində olması arzuolunan deyil”.
İlham Əliyev siyasi məsələlərə də yer verib: “Dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Biz demək olar ki, bunu hər gün görürük, hər gün. Böyük dövlətlər, hansılar ki, beynəlxalq hüququn təminatçısı rolunu öz üzərinə götürüblər, birinci onlar bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar. Ölkələr deyəndə mən bütün böyük ölkələri nəzərdə tuturam. Necə deyərlər, hərəsi öz xətti ilə ya konvensiyaları pozur, ya beynəlxalq hüquq normalarını pozur, ya da oturuşmuş beynəlxalq davranış qaydalarını pozur və bunu heç gizlətmir də. Ona görə biz özümüzü qorumaq üçün, öz müstəqilliyimizi qorumaq üçün, seçimimizi qorumaq üçün, həyat tərzimizi qorumaq üçün, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox ciddi addımlar atmışdıq və mən bunu artıq bildirmişəm, bir də demək istəyirəm, bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq, çünki bu proses dayanmır və dayanmamalıdır.
Biz bu siyasəti aparmaqla ölkəmizin qüdrətini artırırıq. Çünki bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər. Biz son iki il yarım ərzində bir neçə dəfə bunu bir neçə ünvana göstərmişik və heç kim bizim iradəmizə təsir edə bilməz. Əksinə, bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi qoruya bilmişik və maraqlarımızı qoruya bilmişik.
Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər. Hər halda mən hesab edirəm ki, belə imkanlar var. Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük. Ancaq yenə də deyirəm, hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir”.