“Böyük Britaniyanın paytaxtı Londonda mənzillərin kirayə haqqı durmadan artır və bu bahalaşmadan ən çox qadınlar əziyyət çəkir”. Novator.az-ın məlumatına görə, ABŞ-ın “Bloomberg” agentliyi belə yazır. Bildirilir ki, hazırda Londonda mənzil kirayələyəndən sonra normal yaşaya bilməkdən ötrü orta maaşlı bir qadın qazancını heç olmasa iki dəfə artırmalıdır.
Daşınmaz əmlak üzrə ixtisaslaşmış “Hamptons İnternational” şirkətinin “Bloomberg” üçün apardığı tədqiqata əsasən, Londonun mənzil bazarında kirayə qiymətləri son yeddi ilin ən yüksək həddinə çatıb: “2023-cü ilin may ayında Londonda kirayə haqqı 2022-ci ilin eyni dövrü ilə müqayisədə orta hesabla 13 faiz artaraq 2234 funt sterlinqə çatıb. Bahalaşmadan daha çox qadınlar əziyyət çəkir, çünki indiki kirayə haqqının həcmi Londonda tam ştat cədvəli üzrə işləyən bir qadının maaşının üçdə ikisi qədərdir. Böyük Britaniyanın Milli Statistika İdarəsi hesab edir ki, kirayə haqqı gəlirin yalnız 30 faizini və ya daha az hissəsini təşkil etdiyi halda normal sayıla bilər”.
“Hamptons İnternational”ın tədqiqat qrupunun rəhbəri Aneyşa Beveric “Bloomberg”ə bildirib ki, kirayənin bahalaşması, maaş artımının isə ləngiməsi kişiləri də gəlirinin xeyli hissəsini kirayəyə xərcləmək məcburiyyətində qoyub.
“Bloomberg” agentliyi “Zoopla” daşınmaz əmlak portalına istinadla vurğulayır ki, Londonda kirayə haqqı 21 aydır fasiləsiz artır: “Bu artımın həcmi və sürəti əməkhaqqı artımı göstəricilərini geridə qoyur. Bütün bunlar əslində kirayə bazarında da problemləri dərinləşdirir. Hazırda Londonda mənzil kirayəsi bahalaşmaqda davam edir”.
“Zoopla”nın tədqiqatlar üzrə direktoru Riçard Donnell “Bloomberg”ə deyib ki, kirayə bazarında təklif əhəmiyyətli dərəcədə artsa, tələbat zəifləsə, qiymətlər sabitləşə bilər: “Ancaq ilkin alıcılara təsir göstərən ipoteka kreditləri üzrə faizlərin yüksək olduğunu, əmək bazarının gücünü, böyük miqrant axınını, habelə iyul-sentyabr aralığında kirayəyə tələbatın artdığını nəzərə aldıqda daşınmaz əmlak bazarında inflyasiyanın səngiməyəcəyi aydınlaşır”.
“Bloomberg” yazır ki, mənzil kirayəsinin qiymətləri tək Londonda deyil, Böyük Britaniyanın hər yerində qadınları sıxır: “Unutmaq olmaz ki, qadınlar əməkhaqqı məsələsində gender ayrı-seçkiliyindən əziyyət çəkən təbəqədir, kişilərlə müqayisədə daha az maaş alırlar. Üstəlik, gördükləri işin xüsusiyyətinə görə də onların gəliri istər-istəməz kişilərdən az olur. Hazırda Böyük Britaniyada kirayə haqqı orta hesabla qadınların maaşının yarısını, kişilərin aylıq qazancının isə 40 faizə qədərini aparır. Paytaxt Londonda bu fərq daha böyükdür”.
“Bloomberg” bildirir ki, Britaniyada mənzil kirayəsinin qiymətləri ilə qadınların aylıq qazancı arasında tarazlıq çoxdan mövcud deyil: “Son on ildə Şotlandiyanı (XVIII əsrdən İngiltərə ilə ittifaqda olan Şotlandiya 1997-ci ildən muxtar ərazidir) və İngiltərənin şimal-şərqini çıxmaqla ölkənin elə bir bölgəsi yoxdur ki, orada mənzil kirayəsinin haqqı qadınların gəlirinin 30 faizindən aşağı olsun. Böyük Britaniyada mənzil bazarındakı problemlər ölkənin mərkəzi bankına (İngiltərə Bankı) inflyasiyanı nəzarət altına almaqda çətinliklər yaradır və təbii ki, hökumət üçün əlavə başağrısı törədir”.
Mənbə: Bloomberg.com