İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Azər Mehtiyev Azərbaycan iqtisadiyyatının 2006-2022-ci illərdə necə böyüməsinə nəzər salıb. Novator.az-ın məlumatına görə, ekspert Bakuresearchinstitute.org saytında dərc olunan məqaləsində yazır ki, 2022-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcmi 133,8 milyard manat olub: “Bu, ölkəyə böyük neft gəlirlərinin daxil olmağa başladığı 2005-ci ilin ÜDM-i ilə müqayisədə nominal ifadədə (cari qiymətlərlə) təqribən 10,7 dəfə çoxdur. Statistik məlumatlara əsasən, 2022-ci ildə ölkə əhalisinin nominal gəlirləri 2005-ci illə müqayisədə 8,5 dəfə, xərcləri təqribən 10 dəfə artıb.
Dövlət Neft Fondunun və Maliyyə Nazirliyinin məlumatları əsasında hesablamalarımıza görə, 2006-2022-ci illərdə Dövlət Neft Fonduna 199,8 milyard manat, dövlət büdcəsinə hasilatın pay bölgüsü sazişləri çərçivəsində podratçı şirkətlərin mənfəət vergisi kimi 22,2 milyard manat vəsait daxil olub. Yəni bu dövrdə neft-qaz sektorundan birbaşa daxilolmaların yalnız bu iki mənbəyi üzrə 222 milyard manatlıq neft-qaz gəliri əldə edilib. Bunun təqribən 170 milyard manatı 2006-2022-ci illərdə müxtəlif istiqamətlərdə xərclənib.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatları əsasında apardığımız hesablamalara görə, 2006-2022-ci illərdə ölkə iqtisadiyyatında əsas kapitala ümumilikdə 242,2 milyard manat investisiya yatırılıb. Bunun 86,2 milyard manatı neft sektoruna, 156 milyard manatı qeyri-neft sektoruna yönəldilib. Hesablamalara əsasən, bu dövrdə əsas kapitala yönəldilmiş bütün investisiyanın 119,5 milyard manatı dövlət investisiyalarının payına düşür.
Bu qədər neft-qaz gəlirləri və kapital investisiyaları müqabilində son 17 ildə ölkə iqtisadiyyatı real olaraq nə qədər böyüyüb? Bu suala cavab tapmaq üçün nominal və real artımların necə fərqləndiyinə baxaq.
DSK-nın məlumatına əsasən, 2021-ci ildə ÜDM-in cari qiymətlərdə həcmi 93,2 milyard manat, 2022-ci ildə 133,8 milyard manat olub. 2022-ci ildə ölkədə yeni yaradılan dəyər cari qiymətlərdə 2021-ci ilin ÜDM-nin 143,6 faizi qədər göstərilib, yəni ÜDM nominal olaraq 43,6 faiz artıb. ÜDM-in real artım tempi 4,6 faiz həddində rəsmiləşib. Beləliklə, ÜDM-in nominal və real artımları arasında ciddi bir fərq olduğunu görürük.
Real artım il ərzində yaradılan ÜDM-in fiziki həcminin dəyişikliyini əks etdirir. Onun hesablanması zamanı hesabat ilinin ÜDM-ni formalaşdıran mal və xidmətlərin həmin ildəki cari qiymətləri yox, əvvəlki ilin müvafiq qiymətləri əsas götürülür. Belə hesablama nəticəsində ÜDM hesabat ili ərzində mal və xidmətlərdə baş vermiş ümumi qiymət artımının təsirindən təmizlənmiş olur. 2022-ci ildə real artımın 4,6 faiz elan edildiyini nəzərə alsaq (yəni 2022-ci ildə ölkədə yeni yaradılan dəyəri müvafiq mal və xidmətlərin 2021-ci ildəki qiymətləri əsasında hesablasaq), onda hesabat ilində ÜDM-in həcmi 133,8 milyard manat yox, təqribən 97,5 milyard manat olardı. 2022-ci il ÜDM-nin bundan artıq olan hissəsi qiymət dəyişikliklərinin, başqa sözlə, inflyasiyanın təsiridir.
Qiymət amilinin ÜDM-in nominal həcminə təsirini yeni əlavə dəyərin strukturu üzərindən daha aydın görmək olar. DSK-nın məlumatına əsasən, 2022-ci ilin ÜDM-nin 64 milyard manatı neft-qaz sektorunda, 69,8 milyard manatı qeyri-neft-qaz sektorunda yaradılıb. 2021-ci illə müqayisədə ötən il neft-qaz sektorunda yaradılan ÜDM-in nominal artım indeksi 178,9 faiz, real artım indeksi isə 97,3 faiz olub (DSK-nın məlumatına görə, 2022-ci ildə ölkədə neft hasilatı 2021-ci illə müqayisədə 5,5 faiz azalıb, təbii qaz hasilatı 6,6 faiz artıb). Neft-qaz sektorunda formalaşan yeni əlavə dəyərin fiziki həcminin 2,7 faiz azalmasına rəğmən onun nominal dəyərinin 78,9 faiz artması dünya neft-qaz bazarlarında kəskin qiymət artımları ilə bağlıdır. Nəticədə bu sektordakı ÜDM-in real və nominal dəyərləri arasında 83 faizlik fərq yaranıb.
2022-ci ildə qeyri neft-qaz sektorunda formalaşan yeni əlavə dəyərin real artım tempi (fiziki həcminin artımı) 9,1 faiz, nominal artım 21,6 faiz olub. Gördüyümüz kimi, qeyri neft-qaz sektorunda da ÜDM-in real və nominal artımları arasında fərq var, lakin burada qiymət artımının təsiri neft-qaz sektoru ilə müqayisədə daha kiçikdir – təqribən 11 faiz. Azərbaycan iqtisadiyyatında neft-qaz sektorunun rolu böyük olduğundan dünya bazarlarında neft və qazın qiymətlərinin artması nominal ifadədə ÜDM-in dəyərini şişirdən başlıca amil kimi çıxış edir”.
Ekspert qeyd edir ki, Azərbaycanda ÜDM-in ən yüksək artım tempi 2006-cı ildə qeydə alınıb – 34,5 faiz: “Sonrakı illərdə artım tempi tədricən azalıb və 2011-ci ildə cəmi 0,1 faizlik artım baş verib. 2011-ci ildən sonrakı dövrdə yalnız 2013 və 2021-ci illərdə 5 faizi ötən artımlar müşahidə olunub. 2016 və 2020-ci illərdə isə 3,1 və 4,2 faizlik azalmalar baş verib.
2005-2010-cu illərdə Azərbaycan iqtisadiyyatında ciddi böyümə qeydə alınıb, 2010-cu ildən sonrakı dövrdə isə iqtisadi böyümənin miqyası kiçik olub.
2022-ci ildə istehsal olunan ÜDM-in həcmi cari qiymətlərlə 133,8 milyard manat, əvvəlki ilin qiymətlərində 97,5 milyard manat olduğu halda 2010-cu ilin qiymətində onun miqdarı 50,97 milyard manat edir. Beləliklə, ölkənin ÜDM-i 2010-cu illə müqayisədə 2022-ci ildə müvafiq illərin cari qiymətlərində təqribən 3,2 dəfə, əvvəlki ilin qiymətlərində 2,6 dəfə, 2010-cu ilin qiymətlərində isə cəmi 20 faiz artıb. Deməli, Azərbaycan iqtisadiyyatı 2010-cu ildən 2022-ci ilin sonunadək cəmi 20 faiz böyüyüb.
2022-ci ildə ölkədə istehsal edilən ÜDM-in həcmi cari qiymətlərdə 133,8 milyard manat, əvvəlki ilin qiymətlərində 97,5 milyard manat, 2005-ci ilin qiymətlərində təqribən 31,7 milyard manat olub. Bu o deməkdir ki, 2005-ci ildən sonrakı bütün illərdə baş vermiş ümumi qiymət artımlarının təsirindən təmizləndikdə və 2005-ci ilin qiymətlərində hesablandıqda 2022-ci ildə Azərbaycan iqtisadiyyatı 2005-ci illə müqayisədə cəmi 2,53 dəfə böyüyüb.
Beləliklə, 2005-2022-ci illərdə Azərbaycanda ÜDM müvafiq illərin cari qiymətlərində 10,7 dəfə, əvvəlki ilin qiymətlərində 9 dəfə, 2005-ci ilin qiymətlərində isə cəmi 2,53 dəfə artıb. Qeyd olunan dövrdə baş vermiş ümumi qiymət artımlarının təsirindən təmizlənmiş iqtisadi böyümə 2,5 dəfədən bir qədər çox olub. Azərbaycan iqtisadiyyatında sürətli böyümə əsasən 2005-2010-cu illərdə baş verib: bu dövrdə iqtisadiyyatımız 2 dəfə böyüyüb. Sonrakı illərdə artım templəri kəskin azalıb və 2011-2022-ci illər dövründə cəmi 20 faizlik iqtisadi böyümə qeydə alınıb”.