“Rusiya-Ukrayna müharibəsində yenidən nüvə təhlükəsi baş qaldırıb”. Novator.az-ın məlumatına görə, ABŞ-ın “Bloomberg” agentliyinin yaydığı “Ukraynanın başı üstündə Putinin nüvə buludları dolaşır” adlı məqalədə belə deyilir.
Bildirilir ki, Ukrayna rəsmiləri Rusiyanın Avropa məkanında ən böyük atom elektrik stansiyası olan Zaporojye stansiyasında partlayış planlaşdırdığı və bunu Kiyevin boynuna yıxmaq niyyətində olduğu barədə durmadan xəbərdarlıq edir: “Rusiya isə bu iddianın yalan olduğunu vurğulayır. Zaporojye Atom Elektrik Stansiyası Rusiyanın işğalı altındadır. Eynilə Kaxovka Su Elektrik Stansiyası kimi. 2023-cü ilin iyun ayında Ukrayna işğal edilmiş ərazilərini geri qaytarmaq məqsədilə cəbhə boyu əks-hücum əməliyyatına başladı andaca Kaxovka stansiyasının nəhəng bəndi dağıldı. İndiyədək tərəflər buna görə bir-birini ittiham edir”.
Məqalədə xatırladılır ki, NATO-nun iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək zirvə toplantısında Ukraynanın alyansa inteqrasiyası istiqamətində ciddi addımların atılacağı gözlənir: “Bu ərəfədə Ukrayna cəbhədə Rusiyanın müdafiəsini çətinliklə də olsa yarır, qarış-qarış da olsa irəliləyir. Kiyevin amerikalı və avropalı müttəfiqləri isə NATO-ya qəbulla bağlı sərt qrafiklərdən mümkün qədər yan ötüb Ukraynanı tezliklə alyansa götürməyin yolları üzərində baş sındırır. Alyansın bu səyləri Kremlə bağlı şərhçiləri bərk qıcıqlandırır. Onların bəzisi yenidən Rusiyanın müharibədə qalib gəlmək əzmini nümayiş etdirmək, Ukraynanı taktiki nüvə silahı ilə vurmaq məsələsini qaldırıb”.
Daha sonra məqalədə prezident Vladimir Putinə sıx bağlı iş adamı Yevgeni Priqojinin rəhbərlik etdiyi “Vaqner” özəl hərbi birləşməsinin iyunun 24-də Rusiya Müdafiə Nazirliyinə qarşı qaldırdığı qiyam yada salınır. Bildirilir ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə Priqojinə və döyüşçülərinə təhlükəsizlik vədi veriləndən sonra “Vaqner” geri çəkilsə də, ayrı-ayrı dövlətlərdə Rusiyada sabitliyin daha ciddi şəkildə pozula biləcəyi, bunun isə Moskvanın müharibə strategiyasına təsir göstərəcəyi sarıdan narahatlıq yaranıb: “Çünki Rusiya dünyada ən iri nüvə arsenalı olan bir ölkədir. İyunda Vladimir Putinin Belarusda taktiki nüvə silahları yerləşdirdiyi, buna görə NATO ilə Moskva arasında gərginliyin artdığı da diqqətdən yayınmamalıdır”.
“Bloomberg” Qərb mediasının əldə etdiyi məlumatlara əsaslanmaqla yazır ki, 2023-cü ilin mart ayında Çin lideri Si Cinpin Moskvaya səfər edəndə Vladimir Putin ona xaricdə nüvə silahı yerləşdirməyəcəyi barədə vəd veribmiş: “İndi Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi həmin vədlə ziddiyyət təşkil edir. Məlumatlara görə, Cinpin Putinə belə bir xəbərdarlıq da edibmiş ki, Rusiya-Ukrayna müharibəsinin nüvə münaqişəsinə çevrilməsinə imkan vermək olmaz. Ancaq bu təhlükənin də sovuşmadığı göz qabağındadır. Ukraynanın başı üzərində hələ də nüvə buludları dolaşır”.
Mənbə: Bloomberg.com