AXCP sədri Əli Kərimli iyulun 9-da məlumat yayaraq bildirib ki, 5 min nəfərdən çox partiya üzvünün reyestri hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunub: “Bununla da hakimiyyəti AXCP-ni hüquq müstəvisindən çıxarmaq üçün bəhanədən ən azı bu mərhələdə məhrum etdik. Təbii ki, hakimiyyət sonrakı mərhələlərdə də qarşımıza yeni-yeni maneələr çıxaracaq və o maneələri dəf etməli olacağıq.
“Siyasi partiyalar haqqında” yeni qanun həqiqətən mürtəce qanundur, məqsədi ölkədəki real müxalifəti mümkün olsa, ləğv etmək, ləğv etmək alınmasa, onun fəaliyyətinə ciddi maneələr yaratmaqdır.
Biz bu qanunun qəbul edilməməsi üçün çox çalışdıq. Bakıda üç etiraz aksiyası keçirdik. Bu aksiyalarda hər dəfə 200 nəfərə yaxın AXCP üzvü tutuldu, çox sayda aksiya iştirakçısı fiziki zorakılığa məruz qaldı.
Azərbaycan ictimaiyyətinin və beynəlxalq birliyin diqqətini bu mürtəce qanuna cəlb etmək üçün də çox çalışdıq. Birlikdə gördüyümüz işlərin nəticəsində ölkə ictimaiyyətinin bütün təbəqələri və çox nüfuzlu beynəlxalq təşkilatlar bu mürtəce qanunu pislədi, hakimiyyəti onu dəyişməyə çağırdı. Bəzi xırda güzəştlər edilsə də, mürtəce qanun layihəsi qəbul olundu və qüvvəyə mindi. Hakimiyyət növbəti dəfə nümayiş etdirdi ki, onun üçün siyasi rəqiblərə zərbə vurmaq istəyi istənilən imic itkisindən daha önəmlidir.
Beləliklə, “Siyasi partiyalar haqqında” yeni qanun mövcuddur və tətbiq olunur. Qanunun qüvvəyə minməsindən sonra cəbhəçilər belə bir dilemma qarşısında qalmışdılar: ya mürtəce qanunun tələblərini yerinə yetirmirik və hakimiyyət bu bəhanə ilə AXCP-nin dövlət qeydiyyatını ləğv edir, ya da qərara gəlib hamılıqla anket məlumatlarımızı hakimiyyətə təhvil verir, təhlükəli də olsa, mübarizəni bu şəkildə davam etdiririk.
Partiyanın hüquqi qeydiyyatını qoruyub saxlamaq üçün sonadək çalışmaq qərarı verildi. Biz düşündük ki, AXCP-nin qeydiyyatını ləğv etməyə hakimiyyətə hüquqi bəhanə verməməyə bizim hətta bu mürtəce qanunla da imkanımız var. O imkandan da istifadə etdik.
Heç bir AXCP üzvünün anket məlumatlarını onun özü ilə müzakirə etmədən Ədliyyə Nazirliyinə təqdim etməmişik. Partiya strukturları hər bir cəbhəçi ilə şəxsən danışıb. Yalnız özünün razılığı olan cəbhəçilərin adları partiya üzvlərinin vahid reyestrinə daxil edilib və Ədliyyə Nazirliyinə təhvil verilib.
Bəli, hakimiyyətin müxalifət partiyası üzvlərinin adlarını, anket məlumatlarını tələb etməsi antidemokratikdir, çoxpartiyalılığa ziddir. Ancaq 5 min nəfərdən də xeyli artıq cəbhəçi razılaşdı ki, AXCP-nin qeydiyyatının ləğvindənsə biz öz anket məlumatlarımızı da hökumətə təhvil verməklə çətin mübarizəyə davam deyirik”.
Azərbaycan Xalq Cəbhəsi (AXC) 1989-cu il iyulun 16-da təsis olunub. 1995-ci ildə qurum partiyaya çevrilərək dövlət qeydiyyatına alınıb. 2000-ci ildən AXCP-yə liderlik edən Əli Kərimli 2001-ci ildən partiya sədridir.
Novator.az bildirir ki, 1992-2023-cü illərdə siyasi partiyaların fəaliyyətini tənzimləmiş qanun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoyub. 2023-cü il yanvarın 11-də qüvvəyə minən yeni qanunla azı 5000 üzvü olan partiya qeydiyyata alına bilər. Dövlət qeydiyyatındakı 59 partiyaya üzvlərinin sayını 5000 nəfərə çatdırmaq, onların reyestrini hazırlayıb təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da başa çatıb.
Yeni tələblə ayaqlaşmağa çətinlik çəkən 29 partiya fəaliyyətini rəsmən dayandırıb: Aydınlar Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Kommunist Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Tərəqqi Partiyası, Azərbaycan Yüksəliş Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Birlik Partiyası, Cümhuriyyət Xalq Partiyası, Qorqud Partiyası, Milli Demokrat İdrak Partiyası, Milli Həmrəylik Partiyası, Milli Konqres Partiyası, Milli Vəhdət Partiyası, Müstəqil Azərbaycan Partiyası, Müstəqil Xalq Partiyası, Sosial Ədalət Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Vətəndaş Birliyi Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Yeni Yol Partiyası.
Dövlət qeydiyyatında bu partiyalar da var: Ağ Partiya, Ana Vətən Partiyası, Azad Demokratlar Partiyası, Azad Vətən Partiyası, Azadlıq Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Mübarizləri Partiyası, Azərbaycan Ümid Partiyası, Böyük Azərbaycan Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Ədalət Partiyası, Gələcək Azərbaycan Partiyası, Haqq-Ədalət Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Milli Cəbhə Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Müsavat Partiyası, Respublikaçı Alternativ Partiyası, Vəhdət Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Yeni Azərbaycan Partiyası, Yeni Zaman Partiyası.
Partiyaların dövlət qeydiyyatına Ədliyyə Nazirliyi məsuldur.
Qanuna görə, dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4500-dən aşağı düşdükdə qurum məhkəmə qərarı əsasında ləğv edilə bilər. Partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir.